Rəsmilər Luiziana ştatının böyük bir hissəsini dağıtdıqdan cəmi üç gün sonra ABŞ-ın şimal-şərqini vuran İda qasırğasının səbəb olduğu daşqınlar nəticəsində Nyu York şəhərində və Nyu Cersidə azi 18 nəfərin öldüyünü bildirib.
Fırtınanın Nyu Yorka gətirdiyi güclü yağışlar yerli Milli Meteorologiya Xidmətini Nyu-Cersi ştatının Nyuark şəhərində fövqəladə vəziyyət elan etməsinə səbəb olub.
Meteorologiya Xidməti Nyu Yorkun məşhur Mərkəzi Parkında cəmi bir saat ərzində 8 santimetr yağış yağdığını və küçələrin tez bir zamanda çaylara çevrildiyindən avtomobillər və sərnişin avtobuslarının suyun altında qaldığını bildirib.
Şəhərin metro sistemini su basdığına görə Şəhər Nəqliyyat İdarəsi bir xəttdən başqa metronun qalan bütün xətlərini bağlayıb.
Nyuarkın Liberti Beynəlxalq Hava Limanında 8 santimetrdən çox yağış qeydə alınıb ki, bu da bütün uçuşların təxirə salınmasına səbəb olub. Tornado xəbərdarlığına görə hava hərəkətini idarə edən qüllə müvəqqəti olaraq təxliyə edilib. Hava limanının bəzi hissələri suyun altında qalıb və sərnişinlər daha yüksək mərtəbələrə qaldırılıb. Nyu-Cersi qubernatoru Fil Morfi bütün ştatda fövqəladə vəziyyət elan edib.
Nyu York şəhərinin meri Bill de Blasio şəhərdə fövqəladə vəziyyət elan edib, təcili olmayan bütün nəqliyyat vasitələrinin yerli vaxtla səhər 5-ə qədər işləməsinə qadağa qoyub. Nyu York ştatının qubernatoru Keti Hoşul bütün ştat üçün oxşar fərman verib.
Qonşu Pensilvaniya ştatında da daşqınların qeydə alındığı, su basan bir neçə kiçik şəhərdə xilasetmə və evakuasiya işlərinin aparıldığı bildirilib. Nyu-Cersi, Pensilvaniya və Delaverin bəzi bölgələri üçün qasırğa xəbərdarlıqları edilib. Pensilvaniya, Nyu York və Nyu-Cersidə 230 minə yaxın insan elektriksiz qalıb.