Sentyabrın 6-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Məmmədağa Məlikzadənin intiharı ilə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Məmmədağa Məlikzadənin özünü öldürməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb:
"İş üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və zəruri istintaq hərəkətləri həyata keçirilib".
Məlumatda cinayət işinin Baş Prokurorluğun rəhbərliyinin xüsusi nəzarətə götürdüyü və istintaqın davam etdirilməsinin Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edildiyi qeyd olunub.
18 yaşlı M.Məlikzadə 5 ay əvvəl hərbi xidmətə çağırılmışdı. Onun ailəsinə hərbçinin Daşkəsən “N” saylı hərbi hissəsində intihar etdiyi deyilib. Sentyabrın 7-də Binəqədi rayonunda dəfn olunan əsgərin yaxınları onun intihar etdiyinə inanmadıqlarını deyiblər.