2 Sentyabr 2021
Mətni dəyiş
Birləşmiş Millətlər Təşkilatının çərşənbə günü açıqladığı yeni hesabatında son 50 ildə ekstremal hava şəraitinin beş dəfə artdığı, lakin bu hadisələrlə əlaqədar ölümlərin sayının azaldığı göstərilir.
BMT-nin hava və iqlim agentliyi olan Dünya Meteorologiya Təşkilatının rəsmiləri bu hesabatı təşkilatın Cenevrədəki qərargahında keçirilən brifinq zamanı təqdim edib. Hesabatda deyilib ki, son 50 ildə hava şəraiti ilə əlaqədar fəlakətlər orta hesabla gündə bir dəfə meydana gəlib və hər gün 115 nəfərin ölümünə, habelə gündəlik 202 milyon dollarlıq ziyana səbəb olub.
BMT-nin Fəlakət Riskinin Azaldılması üzrə xüsusi nümayəndəsi Mami Mizutori müxbirlərə bu hesabatın "olduqca narahatedici" olduğunu deyib. O, qeyd edib ki, bu ilin iyul ayı dünyanın hər tərəfində istilik dalğaları və daşqınlarla qeyd olunan ən isti iyul ayı olub. Araşdırmalar hava şəraitinin sürətlə dəyişməsi və intensivliyi səbəbindən daha çox insanın əziyyət çəkdiyini göstərib.
Mizutori keçən il 31 milyon insanın təbii fəlakətlər səbəbindən köçkün düşdüyünü və bu rəqəmin münaqişələr səbəbilə köçkün düşənlərin sayından çox olduğunu bildirib. Onun sözlərinə görə, ekstremal hava şəraiti hər il orta hesabla 26 milyon insanı yoxsulluq həddinə çatdırır. İndi isə COVID-19 pandemiyası problemi daha da ağırlaşdırır.
Dünya Meteorologiya Təşkilatının Baş katibi Pitteri Taalas deyib ki, hesabatdakı yaxşı xəbər odur ki, erkən xəbərdarlıq sistemləri və fəlakət idarəçiliyinin yaxşılaşdırılması səbəbilə bu fəlakətlərdə ölüm hallarının sayı təxminən üç dəfə azalıb.