Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aid təbii qaz şirkəti "Dana Gas" İran Dövlət Neft Şirkətinə (NIOC) qarşı 2005-ci ildə açdığı məhkəmə işinin nəticəsinə görə, 607 milyon dollar təzminat alacağını açıqlayıb.
Bu barədə məlumat "Dana Gas"-ın rəsmi internet səhifəsində yayımlanıb.
Məlumata görə, beynəlxalq məhkəmə 2005-2014-cü illərdə "Dana Gas"-a dəyən zərərin qarşılanması üçün İran Dövlət Neft Şirkətinin (NIOC) 607 milyon dollar cərimələnməsi ilə bağlı qərar çıxarıb.
Şirkət bildirib ki, 2014-2030-cu illə ərzində də şirkətə dəyən zərərin qarşılanması ilə bağlı iş aparılır və 2020-ci ilin oktyabrında bu iş üzrə qərar çıxarılması gözlənilir.
Tehran hökumətinin BƏƏ-yə ödəyəcəyi ikinci təzminat üzrə işin 16 ili əhatə etdiyinə görə, məbləğin indikinə nisbətən daha çox olacağı gözlənilir.
Birləşmiş Ərəb Əmirlikləri və İran arasında 2001-ci ildə imzalanan müqaviləyə görə, İran 2005-dən 2030-a qədər BƏƏ-yə təbii qaz ixrac etməliydi. Ancaq tərəflər arasında başlayan texniki və siyasi problemlər İranın BƏƏ-yə ümumiyyətlə qaz ixrac etməməsinə səbəb olub.