Lənkəran Ağır Cinayətlər Məhkəməsində işinə baxılan vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev koronavirusa yoluxub.
Məlumata görə, vəziyyətində ağırlaşmalar olduğundan o, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına yerləşdirilib.
İlkin məlumatlara görə, süni tənəffüs aparatına qoşularaq intensiv müalicə olunur. Həkimlərin rəyinə əsasən, o, şəkər, hipertoniya, ürək çatışmazlığı və bu kimi digər ciddi yanaşı xroniki xəstəliklərdən də əziyyət çəkir.
Məlumatı onun vəkili təsdiq edib.
Vəkil bildirib ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesinin növbəti tarixi vəziyyətindən asılı olacaq.
Onun sözlərinə görə, M. Quliyevin vəziyyətindən asılı olaraq bu məsələyə baxılacaq:
“Hələ ki, vəziyyəti ağır olaraq qalır. Bu səbəbdən növbəti prosesin tarixi ilə bağlı heç nə demək mümkün deyil”.
Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyev Gəncə İstintaq Təcridxanasında koronavirusa yoluxub.
Sentyabrın 7-də səhhəti pisləşən sabiq icra başçısı Gəncə modul tipli xəstəxanaya yerləşdirilsə də, sentyabrın 8-də orada dünyasını dəyişib.