Belarusda bir ingilis dili müəllimi 'Teleqram' söhbətlərindən birində polisin şəklinin altına şərh yazdığına görə iki il ev həbsi cəzasına məhkum edilib. Bu barədə Vyasna İnsan Hüquqları Mərkəzi xəbər yayıb.
33 yaşlı müəllimə polis Vadim Yakimçikin şəklinin altına "Gəncliyimdə bu axmaqla görüşmüşəm" şərhini yazıb.
Linqvistika mütəxəssisləri "axmaq" sözünün insan ləyaqətini alçaldan təhqiramiz bir məna daşıdığını təyin edib.
Ali Məhkəmənin saytında verilən məlumata görə, məhkəmə zamanı müttəhim günahını tam etiraf edib.
Qadın iki uşaq böyüdür. Məhkəmə bunu və "törədilən cinayətdən səmimi tövbə"ni yüngülləşdirici hal hesab edib.
Məhkəmə müəlliməyə iki il ev həbsi verib və qadının cib telefonu da dövlətin xeyrinə müsadirə edilib.