2 Sentyabr 2021
Mətni dəyiş
ABŞ Prezidenti Co Bayden çərşənbə günü Ağ Evdə görüşdüyü Ukrayna Prezidenti Volodimir Zelenskiyə Birləşmiş Ştatların Rusiyanın Ukraynanın şərqində təcavüzü qarşısında Ukraynanın suverenliyə sadiq olduğuna əmin edib.
Danışıqların əvvəlində Bayden deyib ki, iki lider ABŞ-ın keçmiş sovet ölkəsi olan Ukraynaya demokratiyanın inkişafı və Avropaya inteqrasiya yolunda necə yardım edə biləcəyini müzakirə edəcək. Zelenski bildirib ki, gündəmdəki əsas mövzu təhlükəsizlik məsələləri olacaq.
Bundan əlavə çərşənbə axşamı ABŞ Konqresinin Ukrayna kokusu, habelə ABŞ-ın müdafiə naziri Lloyd Austin də Zelenski ilə görüşüb. Austin prezidenti Ukraynanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik edib və “Rusiyanın təcavüzü qarşısında” Ukraynanın suverenliyinə dəstəyini ifadə edib.
Kyiv qoşunları Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən bəri ölkənin şərqində Rusiya tərəfdarı üsyançılara qarşı döyüşür. Bayden administrasiyası ötən həftə Konqresə Ukraynaya əlavə 60 milyon dollar məbləğində təhlükəsizlik yardımının ayrılması ilə bağlı müraciət edib. Bayden administrasiyasının yüksək səviyyəli rəsmisinin bildirdiyinə görə, bu yardıma raket və başqa ölümcül və ölümcül olmayan müdafiə imkanları daxildir.
Zelenskinin Vaşinqtona səfəri onun adının iki il öncə gözlənilməz bir şəkildə sabiq Prezident Donald Trampın birinci impiçmenti ilə nəticələnən təhqiqatın mərkəzində yer almasından sonraya təsadüf edir.
Keçmiş prezident Donald Tramp 2020-ci il prezident seçkisindən öncə ozamankı rəqibi Baydenlə bağlı mübahisəli məlumat toplamaq məqsədilə 2019-cu ilin iyul ayında Zelenskidən Bayden və onun oğlu Hanterin Ukraynadakı gəlirli biznes fəaliyyəti ilə bağlı təhqiqat aparmasını istəmişdi.
Tramp məsələ ilə bağlı Senatda keçirilən məhkəmədə təqsirli bilinməmişdi.
ABŞ administrasiyasının yüksək səviyyəli rəsmiləri Zelenskini qəbul etməklə ABŞ-ın "Ukraynanın suverenliyi və ərazi bütövlüyünə, Avro-Atlantik məkana inteqrasiya istəklərinə sadiqliyi" mesajını verdiyini bildirir.
Rəsmilər jurnalistlərə görüş zamanı təhlükəsizlik, enerji və iqlim siyasəti, Ukraynada korrupsiya ilə mübarizə səylərinin müzakirə ediləcəyini deyib.
Rəsmilər eləcə də tərəflər arasında Ukraynaya təhlükəsizlik yardımı, "ölkənin şərqdə Rusiya ilə böhrandan təsirlənənlərə" humanitar yardım və koronavirus yardımı da daxil olmaqla, bir neçə razılaşma əldə ediləcəyini bildirib.
Keçmiş prezident Donald Trampın hakimiyyəti dövründə Trampın vəkilləri Ukraynaya o vaxt prezidentliyə namizəd olan Baydenin oğlunun Ukrayna ilə əlaqəli fəaliyyətlərinə görə istintaq başlatmaq üçün təzyiq göstərirdi. Bu insidentlər Prezident Trampın Nümayəndələr Palatası tərəfindən ilk impiçmentinə səbəb oldu və siyasi qəzəb Kiyevlə siyasi əlaqələri arxa plana çəkdi.
Təhlilçilər Baydenlə Zelenskinin Vaşinqton görüşündə həm çətinliklər, həm də imkanlar olduğunu düşünür.
Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova bu görüşlə bağlı nikbinlik ifadə edərək, səfərin ABŞ-Ukrayna münasibətləri ilə bağlı mühüm mesaj verəcəyini deyib.