Sentyabrın 6-da hərbi hissədə özünü öldürdüyü deyilən əsgər Məmmədağa Məlikzadəyə qarşı zor tətbiq edildiyi məlum olub.
Baş Prokurorluğun yaydığı məlumatda belə deyilir.
Bildirilir ki, əsgər Məmmədağa Məlikzadənin odlu silahdan atəş açmaqla özünü öldürməsi faktı əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq aparılır: "Araşdırma zamanı məlum olub ki, əsgərin xidmət etdiyi hərbi hissənin baş çavuşu Fərəməz Abasov hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan əsgər Məmmədağa Məlikzadəyə qarşı zor tətbiq edib”.
Prokurorluq bildirir ki, Fərəməz Abasov Cinayət Məcəlləsinin 329.2.1-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Onun barəsində Bakı Hərbi Məhkəməsinin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib: "Hazırda cinayət işi üzrə istintaq davam edir”.
Hadisə ilə bağlı Fərəməz Abasovun vəkili və ailəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.
Ötən həftə Müdafiə Nazirliyi məlumat yayaraq N saylı hərbi hissənin əsgəri Məmmədağa Məlikzadənin intihar etdiyini açıqlamışdı.
Əsgərin hansı səbəbdən intihar etdiyi məlum deyildi.