Bakının baş memarı və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəhbərlik edən Akif Abdullayev sentyabrın 28-də Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevin məhkəməsində dindirilib.
Dindirmələrdən məlum olub ki, Dilarə Əliyeva 141 ünvanıyla bağlı Bakı şəhər İcra Hakimiyyətindən verilən sənədlərdə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbəri kimi Akif Abdullayevin də imzası olub.
Təxminən üç il əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmiş Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi o vaxta qədər Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində idi. 2002-ci ildən də bu quruma Bakının baş memarı Akif Abdullayev rəhbərlik edirdi.
Amma Akif Abdullayev həmin bina ilə bağlı heç bir araşdırma aparmadığını deyir: “Mən ancaq layihələrə baxırdım. Mən icraçı olmuşam. İcra başçısı Abutalıbovun tapşırıqlarını icra etmişəm. Hər şey icra başçısının nəzarətində olub. Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan təxminən 20 gün-1 ay sonra da bizi Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verdilər”.
Rasim Quliyev 2018-ci ilin mayında paytaxtın Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən, yerli əhəmiyyətli tarixi-mədəniyyət abidəsi sayılan yaşayış binasının sölükməsi və yerində hündürmərtəbəli binanın tikintisi üçün “FF-2011” şirkətinə icazə verməkdə ittiham olunur.
Rasim Quliyev deyir ki, o, sözügedən şirkətin əməkdaşları 2012-ci ildən Bakı şəhər İcra Hakimiyyətinə gəlib-gedirdi. Onlar 2018-ci ilə qədər bütün lazımi sənədləri əldə etmişdilər. 2018-ci ilin aprelində Hacıbala Abutalıbov icra başçısı vəzifəsindən çıxarılıb Baş nazirin müavini təyin olunduğuna görə mayda sözügedən sərəncamı o imzalayıb. Sabiq Aparat rəhbəri onu da bildirir ki, o dövrdə icra başçısının müavini Rauf Pənahov vəfat etmişdi, Abutalıbov da özü başqa vəzifəyə təyin olunmuşdu deyə, işləri görmək üçün müvəqqəti müavin səlahiyyətlərini ona həvalə etmişdi. Rasim Quliyevin sözlərinə görə, onun müavin səlahiyyətlərinin icrası üçün Prezident Administrasiyasının razılığı olmalıydı. Abutalıbov isə belə bir razılıq almadan, bu addımı özü atmışdı. Bunu sonradan öyrəndiyini vurğulayan keçmiş Aparat rəhbəri iddia edir ki, onun səlahiyyəti olmadığına görə həmin dövrdə imzaladığı sənədin də hüquqi qüvvəsi ola bilməz.
[caption id="attachment_108338" align="alignnone" width="1276"] Rasim Quliyev[/caption]
“Əgər hər şeyi icra başçısı həll eləyirdisə, o zaman onun rəhbərlik etdiyi Memarlıq və Şəhərsalma Baş İdarəsinə nə ehtiyac vardı?”, - Rasim Quliyev keçmiş iş yoldaşının ifadəsinə belə reaksiya verib.
Vəkillər Akif Abdullayevdən soruşublar ki, layihələrdə qüsurlar, çatışmazlıqlar olanda icra başçısına məlumat veribmi? Onun cavabı belə olub: “Çatışmazlıqları soruşanda deyirdim, soruşmayanda yox...”.
Akif Abdullayevin sözlərinə görə, torpağa əmsal hesablanması zamanı pozuntuya yol verilirdi: “Hamı deyir ki, Akif Abdullayev hara baxıb? Mən əraziyə baxmışam. Əmsal da ərziyə görə hesablanır. Ayrılmış torpağa əmsal hesablanırdı ki, bu da doğru deyildi. Bununla prosesin əvvəlindən pozuntuya yol verilirdi. Bunu istəyirdiniz deyim?”
Məhkəmə prosesi oktyabrın 4-də davam edəcək.
Rasim Quliyev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub.
O, 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb.
2010-cu ildə Aparat rəhbəri təyin edilməmişdən əvvəl meriyanın ərazi idarəetmə şöbəsinin müdiri olub.
Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra həyata keçirdiyi əsas kadr dəyişikliklərindən biri Rasim Quliyevlə bağlı olub.
2018-ci ilin sentyabrında o, Rasim Quliyevi Aparat rəhbəri vəzifəsindən azad edib. Onu yerinə Elgün Həbibullayev təyin edilib.
Rasim Quliyev isə İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinin rəhbəri olub.
2018-ci ilin noyabrında Eldar Əzizov Bakının icra başçısı təyin ediləndən sonra rəhbərlik etdiyi qurumda bir neçə departamenti, o cümlədən Xarici Əlaqələr Departamentini də ləğv edib. Rasim Quliyev isə sərəncama göndərilib.
Rasim Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.
Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. O, özünü təqsirli bilmir.