"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Prezident İlham Əliyevə rəhbərlik etdiyi qurumun “Ağıllı şəbəkə konsepsiyası” əsasında gördüyü işlər barədə məlumat verib.
Sədr bu barədə dövlət başçısını Bakının Xəzər rayonunda yeni tikilmiş 110/35/10 kilovoltluq “Buzovna-1” yarımstansiyasının açılışında məlumatlandırıb.
Şuşa şəhəri və Suqovuşan qəsəbəsinin elektrik təchizatının təmin edilməsində ilk dəfə müasir tipli mühafizəli və izolyasiyalı kabel xətti, paylayıcı şəbəkə modeli tətbiq olunub. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatında innovativ texnologiyaların tətbiqi uğurla davam etdirilir. Belə ki, müasir tip mühafizəli və izolyasiyalı kabel xətlərinin texniki-iqtisadi səmərəliyini artırmaq məqsədilə yeni fiber-optik kanalla təchiz edilmiş mühafizəli kabellərin tətbiqi nəzərdə tutulub. Bununla da həm elektrik enerjisi, həm də keyfiyyətli internet şəbəkəsinin ötürülməsi mümkündür. Beləliklə, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən yüksəksürətli internet şəbəkəsinin yaradılması üçün əlavə infrastrukturun qurulmasına ehtiyac qalmır və iqtisadi səmərəlilik göstəriciləri yüksəlir. Digər tərəfdən hər bir abunəçinin bir kabel xətti ilə həm elektrik enerjisi, həm də dayanıqlı və yüksəksürətli optik kanalla internet və rabitə xətlərinə çıxışı olacaq.