25 Sentyabr 2021
Mətni dəyiş
Azərbaycanla Türkiyənin ötən aprel ayında başa çatan 20 illik qaz razılaşması uzun müddət davam edən danışıqlardan sonra səssiz-sədasız yenilənib.
Bir çox stratejik mövzuda əməkdaşlıq edən Bakı ilə Ankara arasında təxminən bir il davam edən müzakirələrdən sonra əldə edilən razılaşmanın detalları ictimaiyyətə açıqlanmayıb.
Rəsmi imzalanma mərasimi keçirilməyib
İki ölkə liderinin qatılacağı ortaq imzalanma mərasiminin yerinə Azərbaycan tərəfi “müvəqqəti razılaşmanın” əldə edildiyinini elektron məktub vasitəsilə bildirib.
Türkiyə adına Enerji və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktar da Dubayda təşkil edilən “Gastech” enerji konfransında iki tərəf arasında razılaşma əldə edildiyini təsdiqləyib.
Lakin Bayraktar razılaşmanın detallarını açıqlamayıb.
Analitiklərin fikrincə, iki ölkə arasındakı anlaşmanın səssiz şəkildə həyata keçirilməsi adi hal deyil.
Sözügedən razılaşma Azərbaycanın Dağlıq Qarabağda Ermənistan tərəfindən işğal edilən torpaqları Türkiyənin hərbi dəstəyi ilə azad etməsindən sadəcə bir il sonra reallaşıb.
Anlaşmanın orijinalı 2001-ci ildə o dövrün liderləri Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən imzalanmışdı.
Türkiyə razılaşma çərçivəsində hər il Azərbaycandan 6,6 milyard kub metr qaz idxal edir.