11 Sentyabr 2021
Mətni dəyiş
Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslar tam olaraq vaksinasiya olunub.
Yerli mediada yayılan bu xəbəri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Amerikanın Səsinə təsdiq ediblər.
Məhbuslar “Sinovac” vaksini ilə peyvəndlənib.
Penitensiar Xidmət bildirir ki, bütün məhkumlar koronavirus əleyhinə peyvənd olunduqları üçün onlarla uzunmüddətli görüşlər zamanı görüşə gələn şəxslərdən vaksinasiya barədə pasport tələb olunur.
Məhkumlarla qısamüddətli görüşlər qanunvericiliyin tələblərinə uyğun olaraq şüşə arxasından - kontaktsız şəkildə olur.
Bununla yanaşı, rəsmi məlumata görə, iki gün öncə, sentyabrın 8-də həbsdə olan Ağstafa rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev koronavirusdan vəfat edib.
Ölkədə həbsdə olan şəxslərin rəsmi statisikası açıqlanmır. Avropa Şurasının "2018-ci ildə Avropada həbsxanalar və məhkumlar" adlı hesabatında deyilir ki, Azərbaycanda hər yüz min nəfərə 235 məhbus düşür. Bu hesabatın dəqiqliyinə inansaq Azərbaycanda 23 mindən çox məhbus olduğunu düşünmək olar.