Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 9-da Azərbaycandan göndərilmiş daha 2 şikayət üzrə qərarlarını elan edib. Həmin qərarlara görə, hökumət ərizəçilərə 3500 avro təzminat
ödəməlidir.
“Xavər Əlibəyova Azərbaycana qarşı”
“Xavər Əlibəyova Azərbaycana qarşı” iş AİHM-ə 9 il əvvəl, 2012-ci ildə göndərilib. Şikayətdə 1940-cı il təvəllüdlü ərizəçi bildirir ki, 2009-cu ildə evə gedərkən yolda yıxılıb və sol ayağından ağır sınıq xəsarətləri alıb. Bir müddət xəstəxanada, ardınca, evdə müalicə alan ərizəçi xəsarət almasına baiskar bildiyi Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) və Nəqliyyat Nazirliyinin yol xidmətini məhkəməyə verib.
Səbail Rayon Məhkəməsi iddianı təmin edib, cavabdehlərin üzərinə ərizəçiyə maddi və mənəvi ziyana görə 50.000 manat təzminat ödəmək vəzifəsi qoyub. Qərar qüvvəyə minib, icraya göndəriləndən sonra BŞİH apelyasiya şikayəti verib. Şikayətvermə müddəti bitsə, müddətin bərpası üçün hər hansı əsas mövcud olmasa da, ərizəçinin xeyrinə verilmiş qərar ləğv edilib.
Hüquqşünas Xalid Ağəliyev bildirir ki, bu işdə ərizəçinin təmsilçisi İntiqam Əliyev olub. Yalnız o, 2014-cü ildə həbs edilərkən, işin materialları hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən götürülüb, geri verilməyib:
“Ərizəçi AİHM qarşısında iddia edirdi ki, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququna müdaxilə baş verib. Məhkəmə qarşısında həmçinin, Konvensiyanın 34-cü maddəsinə əməl edilib-edilmədiyi mübahisələndirilmişdi”.
AİHM bu gün ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququna müdaxilə iddialarını ərizəçinin daxili müdafiə vasitələrini tükəndirməməsi (şikayətvermə müddətinin artırılmasının qanunsuzluğunun ayrıca mübahisələndirilməməsi) əsası ilə qəbuledilməz sayıb. Konvensiyanın 34-cü maddəsinin pozuntusu ilə bağlı iddialara gəlincə, AİHM dövlətin bu maddə çərçivəsindəki öhdəliklərini yerinə yetirməməsi qənaətinə gəlib.
Qərara görə, hökumət bu işin xərc və məsrəflərinə görə, 500 avro təzminat ödəməlidir.
“Əlisa Həsənov Azərbaycana qarşı”
Bu iş isə AİHM-ə 2012-ci ildə göndərilib. Şikayət ərizəçinin saxlanılmasının qanunsuzluğu iddiaları ilə bağlı olub. Ərizəçi Saatlı rayonunda qanunsuz olduğu bildirilən piketdə polislər tərəfindən tutulub, 7-8 saat polisdə saxlanılıb. Daha sonra rayon məhkəməsi onu qanunsuz aksiyada iştiraka və polisin əmrinə tabe olmamağa görə inzibati tənbehlə cəzalandırıb.
Ərizəçi hesab edib ki, 3 saatdan artıq polisdə saxlanılması ilə onun Konvensiyanın 5-ci maddəsi ilə təminat altına alınan azadlıq və toxunulmazlıq hüququna müdaxilə baş verib. Ərizənin araşdırılması zamanı AİHM hökumətdən işə aid bütün sənədlərin surətlərini istəsə də, hökumət bu istəyə əməl etməyib.
AİHM qeyd edir ki, tərəflər ərizəçinin tutulması, polisə aparılması faktı ilə bağlı mübahisə etməyiblər. Ancaq ərizəçinin polisdə nə qədər saxlanılması ilə bağlı təqdimatlar fərqli olub. Ərizəçi 7-8 saat saxlanıldığını bildirib, hökumət bunu inkar edib, ancaq mövqeyini təsdiq edən hər hansı rəsmi sənəd təqdim etməyib.
“Açıq tələb edilməsinə baxmayaraq, hökumətin ərizəçinin azadlıqdan məhrum edilməsi müddətinin uzunluğunu müəyyən etmək üçün hər hansı sənəd təqdim etməməsi gerçəyini, AİHM gözardı edə bilməz. Hətta, ərizəçinin azadlıqdan məhrum edilməsinin daxili qanunvericiliklə icazə verilən üç saatlıq müddəti keçmədiyi ilə bağlı hökumətin təqdimatı nəzərə alınsa belə, görünən budur ki, azadlıqdan məhrumetmə heç bir şəkildə sənədləşdirilməmiş olub, qeydiyyatı aparılmamış həbs olayını təşkil edib və bu AİHM-in dəfələrlə vurğuladığı kimi, Konvensiyanın 5-ci maddəsinin ən önəmli təminatlarının tamamilə rədd edilməsidir. Tutulma tarixi, saatı və yeri, saxlanılan şəxsin adı, saxlanılma səbəbləri və saxlayan şəxsin adı kimi xüsusatların qeydlərinin olmaması, qanunilik tələbinə və Konvensiyanın 5-ci maddəsinin məqsədlərinə zidd olaraq qəbul edilməlidir”, - AİHM öz qərarında qeyd edib.
Məhkəmə ərizəçiyə münasibətdə Konvensiyanın 5.1-ci maddəsinin pozulduğu qənaətinə gəlib və ona 3 min avro təzminat ödənilməli olduğu qərarını verib.