'Article 54' İctimai Birliyi yerli idarəçilikdə icmaların iştirakının gücləndirilməsi ilə bağlı layihə həyata keçirməyə başlayıb.
Layihənin məqsədi yerli icma təşkilatlarının gücləndirilməsi və yerli səviyyədə qərar qəbul etmə prosesində vətəndaşların rolunun artırılmasıdır.
Təşkilat layihə çərçivəsində Gəncə Regional İcma Mərkəzi, Göyçay İcma İnkişaf Mərkəzi, Şəki İcma İnkişaf Mərkəzi, Çinarlı Sosial İnkişaf və Xeyriyə Birliyi və Kürdəmir Muğan İcma Mərkəzi yerli icma təşkilatları ilə əməkdaşlıq edir.
Adları çəkilən icma təşkilatlarının hər biri yerli səviyyədə vətəndaşları narahat edən problemlərlə bağlı ictimai vəkillik kampaniyası həyata keçirir. Misal üçün, bura Gəncədə küçələrin işıqlandırılması, Şəki şəhərində Qurcana çayının istinad divarların bərpa olunması, Şəmkir rayonun Çinarlı qəsəbəsində avtodayanacaqların tikilməsi, Göyçay şəhərinin məişət tullantılarının təmizlənməsi və qablaşdırılması, Kürdəmirin Çöl Qubalı kəndində məktəb və körpünün tikilməsi daxildir.
Article 54 təşkilatı bu ilin fevral ayında təsis olunub və təşəbbüs qrupu yaradılıb. Təşəbbüs qrupunun rəhbəri Əbülfəz Qurbanlıdır. Təşkilatın məqsədi vətəndaş iştirakçılığının artırılması və qərar qəbul etmə prosesində vətəndaşların rolunun artırılmasıdır.