30 Sentyabr 2021
Mətni dəyiş
Sentyabrın 26-da Almaniyada keçirilən ümumi seçkilərdə ən az 2 hicablı qadının səs verməsinə icazə verilmədiyi məlum olub.
Sözügedən hadisə ölkənin Şimali Ren Vestfaliya əyalətində yerləşən Köln şəhərindən 30 kilometr uzaqlıqdakı Berqhaym şəhərində baş verib.
Alman media orqanı “Focus”-un verdiyi xəbərə görə, Berqhaymdakı bir məktəbdə səs vermək istəyən Almaniya vətəndaşı iki qadına hicab taxdıqlarına görə seçki məntəqəsi məsulları tərəfindən maneə yaradılıb.
Qadınlar hadisədən sonra video paylaşaraq sosial mediadan ictimaiyyətə müraciət ediblər. Qadınlardan biri səs verə bilməsi üçün ona hicabını çıxarmalı olduğunu dediklərini söyləyib.
Hadisənin sosial mediada yayılması və ictimaiyyətin reaksiyasına səbəb olması Berqhaym bələdiyyə sədri Volker Mislerin üzr istəməsi və qadınları öz ofisinə dəvət etməsi ilə nəticələnib.
“Bu fövqəladə səhv qərarı ört-basdır edəcək heç nə yoxdur. Belə bir şey qətiyyən olmamalı idi”, deyə Misler söyləyib.
"Hicabı niqabla səhv saldılar"
Gün ərzində rəsmilər hadisənin yanlış anlaşılma olduğunu, seçki məntəqəsi məsullarının niqabla hicabı qarışdırdığını bildiriblər.
Rəsmilər Almaniyadakı seçki qanunvericiliyində hicab, yaxud niqabla bağlı hər hansı bir maddə olmadığını, seçki məntəqəsi məsullarının sadəcə seçicilərin üzlərini örtdükləri və ya şəxsiyyətlərini gizlətdikləri təqdirdə onlara mane ola biləcəklərini söyləyiblər.
Almaniyada Federal Seçki Qanunun 10-cu maddəsinin 2-ci bəndinin 2-ci cümləsində səs verən şəxslərin “üzlərini örtməsinin qadağan olduğu” qeyd edilib.
Qadınlar sosial mediada yayımladıqları videoda üzlərini açıq olduğunu deyiblər.