ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, “Taliban” hərəkatı tərəfindən elan olunan Əfqanıstan hökumətinin yeni tərkibində bəzi şəxslərin mövcudluğundan və qadınların olmamasından narahatdırlar.
Bu barədə "RİA Novosti" xəbər yayıb. Məlumata görə, Dövlət Departamenti Əfqanıstan hökumətindəki bir sıra şəxslərin siyasi baxışlarından və bioqrafiyasından narahatlıq keçirir. Departamentin nümayəndəsi nazirlər kabinetinin tamamilə taliblərdən və onların həmfikirlərindən ibarət olmasına, qadınların iştirak etməməsinə diqqət çəkib.
“Biz tamamilə aydın şəkildə bildirmişdik ki, əfqan xalqı inklüziv hökuməti haqq edir”, - diplomat bildirib.
ABŞ-ın xarici siyasət idarəsində deyiblər ki, Vaşinqton taliblər haqqında onların sözlərinə deyil, əməllərinə əsasən mühakimə yürüdəcək. Departament nümayəndəsi taliblərin vədlərini yerinə yetirəcəklərinə, əcnəbilərin, eləcə də gediş sənədləri olan yerli sakinlərin ölkədən çıxışına mane olmayacaqlarına ümid etdiklərini bildirib.
Sentyabrın 7-də “Taliban”ın sözçüsü Zəbiulla Mücahid Əfqanıstanın yeni hökumətinin tərkibini elan edib. O, yeni hökumətin müvəqqəti status daşıdığını vurğulayıb. Təntənəli mərasimə Çin, Türkiyə, İran, Rusiya, Pakistan və Qətər nümayəndələri dəvət olunublar.