16 Avqust 2021
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Gəncə işi" üzrə müttəhimlərə hökm oxunub. Məhkəmə əsas müttəhim Yunis Səfərovu ömürlük həbs cəzasına məhkum edib.
Digər fiqurantlar - Cəfər Zalov 19, Firudin Zeynalov 19, Rasim Mustafayev 20, Akif Əliyev 20, Mahir Əzizov 20, Hamlet Abdullayev 19, Vüqar Məmmədov 19, Ceyhun Salahov 19, Ceyhun Qurbanov 18 il azadlıqdan məhrum ediliblər.
Səfərov son sözündə deyib ki, Gəncənin keçmiş rəhbəri Elmar Vəliyev şəhər sakinlərilə kobud davrandığına görə ona hücum edib.
Bundan öncə dövlət ittihamçısı Səfərovun ömürlük həbs cəzasına məhkum edilməsini, digər fiqurantların isə 15 ildən 20 ilədək azadlıqdan məhrum olunmasını istəyib, onları terrorizmdə və bir sıra digər cinayətlərdə təqsirli bilib.
2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.
Bundan sonra iyulun 10-da Gəncə administrasiyasının qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün iğtişaşlar baş verib və iki polis işçisi öldürülüb. Bunun ardınca dindarlar və digər şəxslər arasında kütləvi həbslər başlayıb.
Həmin hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Müttəhimlər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti olaraq azad edilib.
Yunis Səfərov və digər fiqurantların məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.