Radikal Taliban hərəkatının yaraqlıları 2020-ci ilin əvvəlindən Əfqanıstan təhlükəsizlik qüvvələri ilə gizli danışıqlar apararaq, pul müqabilində hərbçilərə əllərində olan silahları yerə qoymaları və təslim olmaları barədə sövdələşiblər.
Bu barədə “The Washington Post” öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, Əfqanıstan rəsmilərinin “atəşkəs razılaşması” adlandırdıqları sövdələşmələr zamanı Taliban liderləri hökumət qüvvələrinin silahları vermələri müqabilində onlara pul təklif ediblər.
Nəşrdə bildirilib ki, son il yarım ərzində Taliban xüsusən Əfqanıstan əyalətlərinin rəhbərləri və digər rəsmilərlə bu formada müxtəlif müqavilələr bağlayıb. Danışıqlardan sonra hökumət qüvvələrinin kapitulyasiyası halları da olub. Nəşrdə bildirir ki, bu sövdələşmələr Talibana respublikanın bir sıra əyalətlərini praktiki olaraq müqavimətlə qarşılaşmadan ələ keçirməkdə kömək edib.
“Bəziləri sadəcə pul qazanmaq istəyirdi”, - deyə Əfqanıstan xüsusi təyinatlılarından olan bir mənbə qəzetə bildirib. Onun sözlərinə görə, Əfqanıstanda olan məmurlar və hərbçilər taliblərin Əfqanıstanda qaçılmaz bir qələbə qazanacağına inanıblar və hərəkatın əleyhdarlarının yanında olmaq istəməyiblər.
Qəzetin yazdığına görə, respublikada bəzi polis məmurları aylardır maaşlarını ala bilmədiklərindən şikayətləniblər.
Mənbədən o da bildirilib ki, 2020-ci ilin fevralında ABŞ və Taliban arasında sülh müqaviləsinin imzalanması Əfqanıstan təhlükəsizlik qüvvələrini ruhdan salıb. Onlar artıq yaraqlılara qarşı mübarizədə ABŞ-ın fəal köməyinə arxalana bilməyəcəklərini düşündülər və buna görə də taliblərin təslim olmaq təklifi ilə razılaşmağa meylli oldular.