Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF Əfqanıstanda ehtiyac içərisində olan milyonlarla insana təcili yardım çatdırmaq üçün humanitar hava körpüsünün yaradılmasına çağırıb.
Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra Kabil hava limanında diqqət xarici vətəndaşların və həssas duruma olan əfqanların evakuasiyasına yönəlib. Bu əməliyyatlar BMT agentliklərinin maliyyələşdirməsi hesabına davam edir.
Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı Kabil hava limanındakı məhdudiyyətlər səbəbindən cərrahiyyə avadanlıqları, travma və uşaqlarda pnevmoniyaya qarşı dərmanlar da daxil olmaqla, bu həftə 500 ton tibbi ləvazimatı çatdıra bilmədiyini bildirib.
BMT-nin Uşaq Fondunun sözçüsü Ceyms Elder Amerikanın Səsinə Ümumdünya Səhiyyə Təşkilatının göndərdiyi məhsullar arasında qida çatışmazlığı yaşayan uşaqların müalicəsi üçün ərzaq məhsullarının da olduğunu bildirib.
"Bizi narahat edən odur ki, bu il bir milyona yaxın beş yaşına qədər uşaq qidalanmadan kəskin əziyyət çəkə bilər. Bu ən təhlükəli formadır. Qida çatışmazlığı ölümlə nəticələ bilər. Biz bu tədarüklərin yerlərdə olmasını təmin etməliyik və bunların çoxu hava yolları ilə çatdırılır. Hazırda ölkə daxilində təchizatımız çoxdur, lakin bu, tam həcm deyil. Bunları davamlı olaraq artırmalıyıq" - deyə, Ceyms Elder bildirib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF-in humanitar hava körpüsünün qurulmasını istəməsinin səbəbi budur. O belə bir körpünün evakuasiya işləri aparılarkən ölkəyə zəruri tədarükün daxil olmasını təmin edəcəyini deyib.
[caption id="attachment_107106" align="alignnone" width="1920"]
Ceyms Elder[/caption]
Elder qeyd edib ki, Əfqanıstanda vəziyyət təhlükəlidir və humanitar ehtiyaclar bu münaqişə baş verməzdən əvvəl olduğu kimi indi də kritik olaraq qalır.
Birləşmiş Millətlər Təşkilatı Əfqanıstan əhalisinin təxminən yarısının, yəni 10 milyon uşaq daxil olmaqla, 18 milyon insanın hazırda təcili şəkildə yardıma ehtiyacı olduğunu bildirib. Bu rəqəmə son iki ayda Taliban üsyançılarının ölkəni ələ keçirməyə başlamasından bəri evlərini tərk etməyə məcbur olan 300 min insan da daxildir.