24 Avqust 2021
Mətni dəyiş
"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin əməkdaşları heyvansevər fəallar barəsində cinayət işi açılması üçün məhkəməyə müraciət edib. Müraciətdə 4 fəalın (Aynur Babayeva, Nicat İsmayıl, Elxan Mirzəyev, İlhamə Nəsirova) birlikdə "Toplan"-a 100 000 manat təzminat ödəməsi tələb edilir.
Nicat İsmayıl Amerikanın Səsinə bildirib ki, "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi heyvan haqları fəallarına qarşı Cinayət Məcəlləsinin 147.1(Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) və 148 -ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə cinayət işi qaldırılması barədə iddia qaldırıb.
"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi iddia edir ki, heyvansevərlər sosial şəbəkələrdəki statuslarında yazdıqları şərhlərdə onların işgüzar nüfuzuna xələl gətirib, təhqir məzmunlu ifadələrdən istifadə edib.
N!DA Vətəndaş Hərəkatının bu gün heyvansevərlərə dəstək məqsədi ilə yaydığı bəyanatında bildirilir ki,"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin ictimaiyyət qarşısında şəffaf fəaliyyət aparmasını, qapılarını könüllülərə açmasını, itlərin aqibəti haqqında məlumat verməsini tələb edir.
Nicat İsmayıl sahibsiz itlərə qarşı sərt rəftara etiraz olaraq aksiya zamanı həbs edilib. O, 15 günlük inzibati həbsdən sonra yazıb ki, "Toplanın dustağı" ləqəbi ilə 15 gün həbsdə qalıb.
“Mən "sahibsiz itlərə işgəncə etməyin" deyib bu qətliamlara etiraz edirdim. Bir də ayıldım ki, mənə də işgəncə edirlər sən demə illərdir, xəbərim yoxmuş. Orada 15 gün necə keçir, nələr yaşayır insan məncə ancaq orada yatanlar bilər. Azadlığa çıxan kimi günlərdir düşündüyüm itlərin müalicələri, yarımçıq qalan işlərin dalıyca qaçmaq həvəsi, axsayan xilasetmə proseslərinin daha ağır rejimdə fiziki işləmək üçün düşündüyüm planlar və yaranan maddi çətinlikləri aradan qaldırmağın yollarını asanlaşdırmaq uğrunda cızdığım planları analiz etmək üçün xəyala dalmışdım ki, birdən yolda dostlarımdan biri Toplan sahibsiz itlərin "qayğı mərkəzində" çalışan iki işçinin bizə qarşı qaldırdığı məhkəmə xəbəri ilə sükutumu pozdu. Cinayət işi açılması tələbi? 100.000 manat təzminat? Bu sualları təkrarlayaraq güldüm,” o, facebook səhifəsində yazıb.