27 Avqust 2021
Mətni dəyiş
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı ölkədə ictimai yerlərdə musiqini qadağan etməyə hazırlaşır.
Bu barədə “The New York Times” qəzetinə müsahibəsində hərəkatın rəsmi nümayəndəsi Zəbihulla Mücahid bildirib.
O, İslamda musiqinin qadağan olunduğunu əsas gətirib.
“Ümid edirik ki, bunu təzyiq yolu ilə deyil, əhalini inandırmaqla nail ola biləcəyik”, - deyə "Taliban"ın mətbuat katibi əvəzi Z. Mücahid bildirib.
Zəbibulllah Mücahid əfqan qadınlarının hüquqlarından, ABŞ-la münasibətlərdən və 11 sentyabr hadisələrindən də danışıb.
Mücahid ölkədə qadınlara İslamın bəyan etdiyi bütün hüquqların veriləcəyini bildirib. Onun sözlərinə görə, xanımlar təhsil ala, müəllim, həkim ola və işləyə bilərlər.
Hərəkat təmsilçisi yerli qadınların zorla “Taliban” üzvləri ilə evləndirildiyi məsələsinə də aydınlıq gətirib. O, iddiaları təkzib edərək, bu kimi xəbərləri köhnə rejimin təbliğatı adlandırıb.
Mücahid əfqanların ölkədə qalmasını istədiklərini, keçmişdə nə olursa-olsun onların əfv ediləcəyini bildirib.
O, həmçinin ABŞ-la normal diplomatik münasibətlərin tərəfdarı olduqlarını da qeyd edib.
Daha sonra 11 sentyabr hadisələrinə toxunan “Taliban” nümayəndəsi Usama Bin Ladenin sözügedən terror aktı ilə əlaqəsi barədə yetərincə dəlilin olmamasını, bu məsələdən Əfqanıstana hücum üçün bəhanə kimi istifadə edilməsini bəyan edib.
Mücahid bundan sonra Əfqanıstan ərazisinin digər ölkələrə qarşı istifadə edilməyəcəyinə dair vəd verdiklərini də xatırladıb.