“Xəstəlik artır. Biz bu gün vaksin vurdurmaqdan çəkinirik. Biz bunu başa düşürük. Ancaq COVID-19-a yoluxan şəxslərin hansı əziyyətlərin çəkdiyini artıq bilirik”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mart ayından bu günə qədər yoluxan insanların arasında reanimasiyaya düşənlərin 96 faizi peyvənd olunmayan insanlardır:
"Süni nəfəs aparatına qoşulanların 97 faizi də vaksinasiya olunmayanlardır. Vəfat edənlərin içərisində də 99 faiz vətəndaşın vaksin olunmaması aşkarlanıb". O bildirib ki, vaksinasiya 100 faiz effektiv deyil. Azərbaycanda vaksinasiya olunan şəxslərin 0,6 faizində yoluxma, ağırlaşma müşahidə olunub. Onun sözlərinə görə, 6 milyon ümumi doza vaksin vurulub:
“Bu gün 24 faiz əhalimiz vaksinasiya olunmuş sayıla bilər". Yaqut Qarayeva bildirib ki, son günlər Azərbaycanda da yoluxma sayında kəskin artım müşahidə edilir. Təəssüf ki, avqustun 1-də yoluxma 7 faizə yaxın idisə, bu gün 23 faiz yoluxma əmsalı görürük.