Avqustun 9-da Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan gizli şəkildə Qarabağa gəlib. O, rus sülhməramlılarının müşayiəti ilə Xocavənd rayonunda Amaras monastır kompleksini ziyarət edib. Sarkisyan elə həmin gün Qarabağdan qayıdıb.
Səfər haqda məlumat isə yalnız bu gün - avqustun 14-də Sarkisyanın özünün Facebook səhifəsindən şəkillərlə birlikdə yayımlanıb.
Serj Sarkisyan səfəri barədə bir neçə gün sonra elan etməsi maraq doğurub. O, həmçinin Qarabağın erməni əhalisi ilə də hər hansı görüş keçirməyib.
Bu səfərdə onu separatçıların keçmiş lideri Bako Saakyan, "Təhlükəsizlik Şurasının rəhbəri" Vitali Balasanyan, eləcə də separatçıların iki keçmiş hərbi lideri - Mnatsakanyan və Karapetyan müşayiət edib.
Rus sülhməramlıları Sarkisyanın səfərinə heç bir şəkildə mane olmayıblar.