Bakıda 1 saylı Şəhər Dəri-Zöhrəvi Xəstəxanasının keçmiş baş həkimi Rəşad İsmayılov 9 il azadlıqdan məhrum edilib. Avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim Əfqan Hacıyevin sədrliyilə çıxarılan hökmə əsasən, Rəşad İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.312 (rüşvət verməyə təhrik) maddələrilə təqsirli bilinib.
Cinayət işinin materiallarında iddia olunur ki, Rəşad İsmayılov tələbə yoldaşı Sürəyya Qasımovaya yaxın vaxtlarda özü səhiyyə naziri olacağını bildirib, onu da Elmi-Tədqiqat Kardiologiya İnstitutuna baş həkim təyin edəcəyini vəd edərək, 280 min manat pulunu alaraq, onu aldadıb. Lakin Sürəyya Qasımova iş üzrə zərərçəkmiş yox, şahid qismində tanınıb. Çünki onun verdiyi pul rüşvət kimi qiymətləndirilib.
Təqsirləndirilən keçmiş baş həkim isə bu ittihamla razılaşmır. O, məhkəmədə ifadəsində Sürəyya Qasımovadan pul aldığını təsdiqləsə də, həmin vəsaitin borc verildiyini bildirib. Rəşad İsmayılov heç kimi aldatmadığını, əksinə, öz pulunun başqaları tərəfindən mənimsənildiyini deyib. Onun sözlərinə görə, vaxtilə ali məktəbdə eyni qrupda oxuduğu və illər sonra da ailəvi münasibətləri olan Sürəyya Qasımovadan 280 min manatı bir neçə dəfəyə alıb. Bu vəsaitin bir hissəsi heç ona verilməyib. Keçmiş baş həkim deyir ki, Sürəyya Qasımova pulu ona sazişlə verib. Sonradan xəbəri olmadan telefon danışıqlarını da yazıb və həmin səsləri Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim edib.
"Mənə xaricdən – "Pepsi" şirkətindən 1 milyon 300 min dollar pul gəlməliydi. Amma mənim özümü də aldatdılar. Vüsal Əliyev adlı şəxs söz vermişdi ki, o pulu almaqda mənə kömək edəcək. Buna görə məndən pul almışdı. Sürəyya Qasımovanın əri də iki dəfə pulu birbaşa Vüsala verib", - Rəşad İsmayılov bildirib.
Onun sözlərinə görə, "Pepsi"dən gözlədiyi pul Gürcüstana, oradan Azərbaycana gəlməliydi.
Sürəyya Qasımova məhkəmədə dindirilərkən 280 min manatı baş həkim təyin olunmaq üçün verdiyini əvvəl demək istəməyib. Hakim istintaqdakı ifadəsini onun yadına salıb. Həmin ifadədə o bildirib ki, Rəşad İsmayılov özünün yaxın vaxtlarda səhiyyə naziri təyin ediləcəyini, onu da Koordiologiya İnstitutuna baş həkim təyin etdirəcəyini demişdi. Sürəyya Qasımova əlavə edib ki, tələbə yoldaşı ona aldığı pulları özündən yüksək vəzifəli şəxsə verdiyini deyib: "Mənə dediyi o adamın adını burada (məhkəmədə-red.) demək istəmirəm..."
Sürəyya Qasımova sualları cavablandıranda məlum olub ki, o, sinir xəstəlikləri üzrə ixtisaslaşmış həkimdir. Lakin Elmi-Tədqiqat Koordiologiya İnstitutuna baş həkim təyin olunmaq istəyirmiş.
Meydan TV