13 Avqust 2021
Mətni dəyiş
Baş Prokurorluq Rusiyada Belçikanın “International Partnership for Human Rights” (“İnsan haqları üzrə Beynəlxalq əməkdaşlıq”) təşkilatının fəaliyyətini “arzuolunmaz” kimi tanıyıb. Bu barədə qurumun Teleqram kanalında məlumat verilib.
Baş Prokurorluğun məlumatına görə, hüquq müdafiəçilərinin fəaliyyəti Rusiyanın “konstitusiya quruluşunun və təhlükəsizliyinin təməlləri üçün təhlükə yaradır”.
Qurum sözügedən təşkilatın ölkədə fəaliyyətləri arzuolunmaz hesab edilən digər təşkilatların siyahısına daxil edilməsi üçün Ədliyyə Nazirliyinə məlumat göndərəcək.
Rusiyada “arzuolunmaz” təşkilatlar haqda qanun 2015-ci ildə qəbul edilib. Ədliyyə Nazirliyi "dövlətin müdafiə qabiliyyətinə və təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına təhlükə yaradan" strukturları tanımaq hüququna malikdir. Bu cür təşkilatlarla əməkdaşlıq edən ruslar haqda əvvəlcə inzibati iş açılır, bir neçə prosedurdan sonra isə onlar cinayət məsuliyyətinə cəlb olunurlar. Qanun bu cür təşkilatların saytlarının məhkəmə qərarı olmadan bağlanmasına icazə verir.
Prezident Vladimir Putin daha əvvəl dünyanın istənilən ölkəsindəki Rusiya vətəndaşlarının və hüquqi şəxslərin Rusiyada "arzuolunmaz" olaraq tanınan xarici qeyri-hökumət təşkilatlarının (QHT) işlərində iştirak etməsini qadağan edən qanunu imzalamışdı.
Rusiyada "arzuolunmaz" olaraq tanınan xarici və ya beynəlxalq qeyri-hökumət təşkilatının ianə toplaması və ya maliyyə xidmətləri göstərməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmasını mümkün edəcək qanun layihəsi də Dövlət Dumasında qəbul edilib.