19 Avqust 2021
Mətni dəyiş
Rusiya Federasiyanın Ədliyyə Nazirliyi “xarici agent” funksiyasını yerinə yetirən qeydiyyatsız ictimai birliklərin yeni reyestrinə “Qolos” - seçicilərin hüquqlarının müdafiəsi üçün ümumrusiya ictimai hərəkatını da daxil edib. Məlumatı hərəkatın həmsədri Roman Udot da təsdiqləyib.
"Qolos" siyahıya daxil edilən ilk təşkilatdır. Bundan əvvəl iki reyestr var idi - kütləvi informasiya vasitələri - "xarici agent" KİV və "xarici agent" QKT-lər. Departamentin yeni reyestrinə qeydiyyatsız və hüquqi şəxs olmayan ictimai təşkilatların daxil edilməsi planlaşdırılır.
“Qolos” hərəkatının həmsədri Roman Udot bildirib ki, hazırda bu qanunvericilikdə ətraflı hüquq tətbiqetmə praktikası yoxdur, ona görə də təşkilatın bundan sonrakı taleyinin necə olacağı hələlik məlum deyil.
2000-ci ildə əsası qoyulan "Qolos" qeyri-kommersiya birliyi 2013-cü ildə "xarici agent" qeyri-kommersiya təşkilatı olaraq tanınıb. Qurumun fəaliyyəti 2016-cı ildə məhkəmə qərarı ilə ləğv edilib, lakin qeydiyyatsız təşkilat olaraq işini davam etdirib.
“Qolos” – seçkiləri müstəqil müşahidə edən Rusiya vətəndaşlarının aparıcı birliyidir. Təşkilat müşahidəçilər hazırlayır, federal qaynar xətt və onlayn xidmətləri dəstəkləyir, seçicilərə hüquqi yardım göstərir, seçki sisteminin təkmilləşdirilməsində iştirak edir, uzun və qısamüddətli seçki müşahidələri aparır.
Bu ilin oktyabr ayında Rusiyada Dövlət Dumasına seçkilər keçiriləcək, səsvermə üç gün davam edəcək. Rəsmi olaraq bu, pandemiyada vətəndaşların sağlamlığı ilə bağlı narahatlıqla izah olunur. Müxalifət hesab edir ki, bu, saxtalaşdırma üçün əlavə şərait yaradır: bülletenlər gecələr seçki məntəqələrində saxlanılacaq və onların başına hər şey gələ bilər. Bu fonda MSK seçki məntəqələrində ictimai video monitorinq sistemini ləğv edib. “Qolos” hərəkatının həmsədri Roman Udot hesab edir ki, Rusiyanın yeni tarixində "hələ seçki sisteminin bu qədər kütləvi məhv edilməsi ilə üzləşməyib".