İkinci Qarabağ müharibəsinin sonlarına yaxın rus hökümətyönümlü siyasətçisi, Liberal Demokrat Partiyasının rəhbəri olan Vladimir Jirinovski Rusiyanın hökümətyönümlü telekanallarının birində təşkil olunmuş siyasi tok-şou zamanı demişdi ki, “Rusiya məqsədli olaraq Azərbaycan və Ermənistanı silahla təmin edir ki, bir-birlərini qırsınlar”.
Jirinovskinin bu cür deyimləri olduqca məşhurdur və hər kəs bilir ki, o, çox vaxt Rusiya hökümətinin qeyri-rəsmi təmsilçisi kimi danışır.
Jirinovski bəzən Birinci Pyotr, Yelizaveta, Çar Nikolayın dili ilə də danışır. O tez-tez deyir ki, “Qafqazda müharibə müntəzəm, hər 5-10 ildən bir baş verməli, çoxlu qurbanlar verilməli, müharibələrin nəticələri kimi isə Qafqaz ölkələri arasında sərhədlər bir qədər dəyişməlidir. Bu minvalla dünya ictimaiyyəti qorxacaq və Rusiyanın üzərinə çevrilmiş diqqətlər kənara, Qafqaza yönələcək”.
Ümumiyyətlə isə biz keçmiş sovet xalqları sovetlərdən bizə miras qalan münaqişələrin həlli ilə bağlı baş sındırarkən görürük ki, Rusiyanın həmişə bu münaqişələrlə bağlı öz metodları var və nədənsə həmişə məhz həmin metodlar işləyir. İkinci Qarabağ müharibəsi bitdikdən sonra biz gördük ki, illərdir Qərbin humanitar təşkilatlarının Azərbaycan və Ermənistan üçün təklif etdiyi dialoq, birgəyaşayış məşqləri, qarşılıqlı güvənin yaradılması, icma münasibətlərinin qurulması, xalq diplomatiyasının işə salınması kimi metodların heç birisi haqda söhbət belə getmədi, biz ancaq və ancaq Rusiyanın Postsovet məkanındakı münaqişə regionlarında tətbiq etdiyi köhnə metodun gerçəkləşdiyini gördük. Belə ki, eynilə Abxaziya, Cənubi Osetiya, Dnestryanı münaqişələrində tətbiq olunan Rusiya sülhməramlılarının regiona yeridilməsi və münaqişənin gələcək nəslə ötürülməsi üçün daha 20-30 il yarıgərgin formada saxlanılması prosesi işə düşdü.
İkinci Qarabağ müharibəsi ilə Azərbaycan öz işğal olunmuş ərazilərinin böyük hissəsini işğaldan azad etsə də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin strateji əhəmiyyəti olan mərkəzi şəhəri, Xankəndi yenə də Qarabağda defakto mövcud olan və oraya yeridilmiş rus qoşunlarının köməyi ilə dağıdılmasına imkan verilməyən separatçı rejimin nəzarəti altında qaldı.
Mənim fikrimcə, döyüş meydanında minlərlə erməni və azərbaycanlının həyatını itirməsi və müharibəyə milyardlarla dollar xərclənilməsinə baxmayaraq, əsas qalib yenə Rusiya oldu. İndi Azərbaycanla müharibədə məğlub olan Ermənistanın güzəştləri hesabına yaradılacaq, İran, Türkiyə, Azərbaycan, Ermənistanı Rusiya ilə birləşdirəcək alternativ nəqliyyat dəhlizi rus əsgərinin nəzarətində olacaq.
Dağlıq Qarabağda müharibə bitib, amma hələ də Xankəndidən Şuşanı, Ermənistandan Kəlbəcər və Laçını atəşə tutan erməni əsgərləri var və bu əsgərlər Rusiya sülhməramlıları arxasında dayanıblar. Bu o deməkdir ki, onlara cavab atəşi açılarsa, bu atəş həm də istənilən zaman rus əsgərinə qarşı atəş kimi də yozula bilər.
Beləliklə, rus siyasətinin əsas simalarından biri olan Jirinovskinin Postsovet məkanında “əbədi müharibə” haqda peyğəmbəranə proqnozu gerçəkləşməkdədir.
Heç kimə gizli deyil ki, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən qısamüddətli müharibə defakto Gürcüstan ərasizi olan Cənubi Osetiyaya yeridilmiş rus sülhməramlılarının bir anda işğalçı sifəti ilə çıxış etməsinə aparıb çıxarmışdı. Moldova isə artıq 30 ildir rus sülhməramlılarını öz ərazisindən çıxarmaq üçün uğursuzca çalışır. Belə görünür Azərbaycan da çox uzun müddətliyə öz ərazisindən erməni silahlı birləşmələrindən əlavə, rus silahlı birləşmələrini də çıxarmaq üçün çalışacaq.
Düşünürəm ki, Cənubi Qafqazın 100 il öncəki tənəzzülü və rus işğalı altına düşməsi də üç kiçik Qafqaz ölkəsi arasında yaranan ərazi və etnik münaqişələrdən doğurdu, indi yenidən həmin münaqişələr qızışdırılıb. Bitmək bilməyən erməni-azərbaycanlı münaqişəsinə zaman-zaman erməni-gürcü, gürcü-azərbaycanlı münaqişələri də əlavə edilmək istənilir. Əgər bu üç ölkə nə zamansa üç Baltikyanı ölkə Latviya, Litva, Estoniya nümunəsindəki kimi həmfikir olub birlikdə hərəkət etsəydi Cənubi Qafqazı idarə etməyə çalışmaq Rusiya və başqa imperiya xəyalında olan böyük ölkələr üçün qat-qat çətin olardı.
Əgər bu birlik nə zamansa baş versə Cənubi Qafqaz Postsovet məkanın ən varlı, sürətlə inkişaf edən, uğurlu regionuna çevrilərdi, əks halda isə bizi Jirinovskinin dediyi kimi hər 5-10 ildən bir qanlı, ağrılı müharibə gözləyəcək.
Namiq Hüseynli