Polşanın Baş naziri çərşənbə axşamı Belarusun Avropa İttifaqında sabitliyi pozmaq məqsədilə Yaxın Şərqdən gələn miqrantları qəsdən Polşaya daxil olmağa həvəsləndirdiyini deyib.
"Şərq qonşumuz siyasi sabitliyi sistemli və mütəşəkkil şəkildə pozmağa çalışır" - deyə, Mateuş Moravetski ölkənin şərqdəki Kuznitsa şəhərinə səfəri zamanı bildirib.
Associated Press xəbər agentliyinin bildirdiyinə görə, bəziləri İraq və Əfqanıstandan olan təxminən 3 min miqrant bu ay Belarusdan Polşaya keçməyə cəhd edib. Polşa onların ölkəyə girişinə icazə verməyib və bazar ertəsi onların qarşısını almaq üçün sərhəddə divar inşa edəcəyini bildirib.
Polşa hökuməti çərşənbə axşamı Belarus ərazisində qalan miqrantları çadır, yorğan və elektrik generatoru ilə təmin etdiyini deyib.
BMT-nin Qaçqınlar üzrə təşkilatı UNHCR Polşanı miqrantlara tibbi və hüquqi dəstək verməyə çağırıb.
Moravetski deyib ki, Belarusun səyləri uğursuz olacaq, çünki "Polşa sərhədini çox yaxşı qoruyacaq."
Belarusu ittiham edən yalnız Polşa deyil. Digər Baltikyanı ölkələr də Minskin miqrantları onlara tərəf yönəltdiyini bildirib. Onlar bunun 2020-ci ilin avqustunda prezident Aleksandr Lukaşenkonun mübahisəli şəkildə yenidən qalib gəlməsinə etiraz edənlərə qarşı hökumətin təzyiqlərindən sonra Avropa İttifaqının Belarusa qarşı tətbiq etdiyi sanksiyaların qisası olduğunu deyir.
Avropa İttifaqının icra orqanı olan Avropa Komissiyası vəziyyəti izlədiyini bildirib.
"İnsanları siyasi məqsədlər üçün alət etmək cəhdlərini qətiyyətlə rədd edirik. Üçüncü ölkələrin Avropa İttifaqına qanunsuz miqrasiyanı təhrik etmək və ya razı salmaq cəhdlərini qəbul edə bilmərik" - deyə, Komissiyanın sözçüsü Kristian Viqand Brüsseldən bildirib.
Sanksiyalar tətbiq edildikdən sonra Lukaşenko Avropa İttifaqı üzvlərinə ölkəsinin artıq qeyri-qanuni miqrantların ittifaqın ərazilərinə keçməsinin qarşısını almayacağı barədə xəbərdarlıq edib.