Avqustun 13-də Şirvan Apelyasiya Məhkəməsində həmin rayonun polis şöbəsinin əməkdaşları tərəfindən döyüldüyü bildirilən vəkil Coşqun İsgəndərov Baş Prokurorluğa müraciət edib.
Ona qarşı zorakılıq edənlərin cəzalandırılmasını tələb edən vəkilin müraciətində göstərdiyi hallarla bağlı hazırda Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Abşeron rayon Vəkil Bürosunun üzvü olan Coşqun İsgəndərov olayın detalları haqda danışmaq istəmir. Səbəbini isə belə izah edir ki, baş verənləri yada salmaq onun üçün psixoloji baxımdan ağırdır.
Bununla belə, vəkil bildirib ki, həmin gün Şirvan Apelyasiya Məhkəməsində hüquqlarını müdafiə etdiyi şəxsin haqqındakı cinayət işinə baxılırdı. Müdafiəçinin sözlərinə görə, ona qarşı zorakılıq göstərən polislər təqsirləndirilən şəxsi polis şöbəsindən məhkəməyə aparıb-gətirənlər olub.
Həbsdə olan şəxslər Penitensiar Xidmətin tabeliyindəki istintaq təcridxanaları və ya cəzaçəkmə müəssisələrində saxlanılır. Məhkəməyə də adətən Ədliyyə Nazirliyi sistemində çalışan, Penitensiar Xidmətin əməkdaşları tərəfindən aparılıb-gətirilirlər. Regionlarda keçirilən məhkəmə iclasları zamanı isə həbsdə olan şəxslər adətən saxlandıqları istintaq təcridxanasından məhkəmə öncəsi həmin rayonun polis şöbəsinə aparılır, oradakı müvəqqəti saxlama yerində qalır.
Sözügedən insidentlə bağlı yayılan məlumatda bildirilir ki, avqustun 13-də məhkəmə zalında olan polislər vəkil Coşqun İsgəndərovdan zaldan çıxmağı tələb ediblər. Vəkil buna etiraz edərək bildirib ki, o, Qabil Ələsgərovun vəkilidir, onunla təkbətək söhbət etmək hüququ da var. Məlumata görə, hətta hakim Məhəmməd Bağırov da baş verənlərə müdaxilə edib, Coşqun İsgəndərovun şəxsin vəkili olduğunu bildirib. Buna baxmayaraq, mübahisə bitməyib və polislər vəkili zorla məhkəmə zalından çıxararaq, dəhlizdə onu döyüblər.
Coşqun İsgəndərov deyir ki, onu döyən polis əməkdaşları dörd nəfərdir. Prokurorluğa müraciətində onların dördündən də şikayətçi olub.
Daxili İşlər Nazirliyi isə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının vəkili döyməsi haqda deyilənləri təkzib edib. Nazirliyin Şirvan regional qrupundan bildirilib ki, vəkil Coşqun İsgəndərov mülki formada məhkəmə zalına daxil olub, polis əməkdaşlarına verdiyi suallarla onları təxribata çəkməyə çalışıb. Həmin vaxt onun müvəkkilinin yox, başqa bir vətəndaşın işinə baxıldığına görə polislər ondan məhkəmə zalından çıxmasını, prosesə mane olmamasını istəyiblər: "Coşqun İsgəndərov orada mübahisə yaradıb. Daha sonra isə həmin şəxsin polis əməkdaşları tərəfindən zaldan uzaqlaşdırılması təmin edilib. Qeyd olunan məsələ ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırmalar aparılır”.
Vəkil Aqil Layıc deyir ki, Daxili İşlər Nazirliyinin vəkilin döyülməsi ilə bağlı verdiyi bəyanat hüquqi baxımdan əsassızdır. Vəkilin sözlərinə görə, hətta bəyanatda yazılanları həqiqət kimi qəbul etsək belə, polislərin Coşqun İsgəndərovu məhkəmə zalından çıxarmağa səlahiyyəti yox idi: "Polisin məhkəmə zalından kimisə çıxarmaq, prosesə buraxmamaq kimi səlahiyyətləri yoxdu. Buna hüququ çatan yeganə orqan məhz məhkəmələrdir. Yalnız hakim göstəriş verə bilər ki, kimsə zaldan çıxarılsın. Polislərin məhkəmədə bu cür davranışı təkcə vəkilə yox, eyni zamanda, ədalət mühakiməsinə qarşı da hörmətsizlikdir”.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov da hadisə ilə əlaqədar məlumatlı olduğunu və aidiyyəti orqanlarla əlaqə saxladığını bildirib: "Hazırda Şirvan Şəhər Prokurorluğunda aparılan araşdırmaların nəticəsini gözləyirəm. İnanıram ki, məsələ ədalətli və obyektiv şəkildə araşdırılacaq”.
[caption id="attachment_80072" align="alignnone" width="300"] Anar Bağırov[/caption]
Bir müddət əvvəl vəkil Orxan Kəngərli də Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində saxlanılan müvəkkilinin hüquqlarını müdafiə etmək üçün ora getdiyi halda, polis əməkdaşları tərəfindən döyülməsilə əlaqədar prokurorluğa şikayət etmişdi. O zaman da Daxili İşlər Nazirliyi məlumatın yalan olduğunu, vəkilin polis bölməsinin normal iş rejimini pozduğunu və buna görə onun özünün barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib məhkəməyə göndərildiyini açıqlamışdı.
Vəkilin şikayətilə əlaqədar Binəqədi Rayon Prokurorluğunda aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcəyi bildirilsə də, bu günə qədər heç bir xəbər yoxdur.