2020-ci ilə damğasını vuran koronavirus pandemiyası, bir çox sahədə olduğu kimi, cinayətkarlığın səviyyəsinə də təsirsiz ötüşməyib. Dünyanın bir çox ölkələrində ötən il oğurluq, soyğunçuluq kimi cinayətlərin sayında azalmalar müşahidə edilib. Bu hal insanların evlərində daha çox vaxt keçirməsi və hərəkət intensivliyinin aşağı olması ilə izah olunur.
İstanbul valiliyinin 2020-ci ilin yekunları ilə bağlı açıqlamasında qeyd edilir ki, ötən il şəhərdə evlərdə baş verən oğurluq hallarının sayı 11 faiz, iş yerlərində oğurluqların sayı isə 10 faiz azalıb. Əgər 2019-cu ildə İstanbulda hər gün 43 evə oğru giribsə, 2020-ci ildə bu rəqəm 37-ə bərabər olub. Avtomobillərlə bağlı oğurluq hallarının sayındakı azalma isə daha yüksəkdir – 31 faiz.
ABŞ-da ötən il qeydə alınan cinayətlərin sayı əvvəlki 5 ilin ortalamasına nisbətən 23 faiz aşağı olub. Bununla belə, qətllərin və atışmaların sayı artıb. Böyük Britaniyada da oğurluq, soyğunçuluq, cinsi təcavüz hallarında azalma qeydə alınsa da, narkotik ticarəti və zorakı qətllərin sayı artıb.
Oğurluq və soyğunçuluqla bağlı cinayətlərin sayı azalsa da, pandemiya "məsafədən" cinayətlərin artmasına təkan verib. Xüsusilə telefon və internet vasitəsi ilə dələduzluq halları artıb. İstanbulda 2020-ci ildə bu tip cinayətlərin sayı 2019-cu ilə nəzərən 14 faiz artıb. Avropa Birliyinin polis təşkilatı olan Europol ötən illə bağlı hesabatında internetin cinayətlərdə istifadəsini xüsusilə vurğulayıb və qeyd edib ki, demək olar, bütün növ cinayətlərdə internetin yaratdığı imkanlardan istifadə olunmağa başlanılıb.
Pandemiya dövründə artım müşahidə edilən cinayətlərdən biri də məişət zorakılığıdır. Xüsusilə qadınlara qarşı pis rəftar bu dövrdə artıb. BMT-nin qadınlarla bağlı qurumunun (UN Women) 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı açıqlamasında qeyd edilirdi ki, pandemiya dövründə qadınlara qarşı zorakılıq, özəlliklə ailədaxili zorakılıq halları artıb. Hətta bəzi ölkələrdə karantin müddətində qadınların hüquqlarının qorunması üçün fəaliyyət göstərən qaynar xətlərə daxil olan müraciətlərin sayında 5 dəfə artım qeydə alınıb.
Azərbaycanda 2020-ci il ərzində 26 min cinayət qeydə alınıb. Bu, bir əvvəlki ilə nəzərən 2.5 faiz azalma deməkdir. Ötən il ərzində cinayət törətmiş şəxslərin sayı da bir il öncə ilə müqayisədə 341 nəfər və ya 2 faizə yaxın azalıb.
Cədvəl: 1995-2020-ci illərdə Azərbaycanda cinayət törətmiş şəxslərin və hər 100 min nəfərə düşən cinayətlərin sayı
İl | Cinayət törətmiş şəxslərin sayı | Hər 100 min nəfərə düşən cinayətlərin sayı |
2020 | 17 min 482 | 258 |
2019 | 17 min 823 | 266 |
2018 | 16 min 727 | 65 |
2017 | 16 min 750 | 265 |
2016 | 16 min 676 | 71 |
2015 | 16 min 322 | 277 |
2010 | 18 min 689 | 258 |
2005 | 17 min 303 | 218 |
2000 | 12 min 906 | 176 |
1995 | 17 min 84 | 264 |
Azərbaycanda cinayətlərin və cinayət törətmiş şəxslərin sayında ciddi dəyişiklik olmasa da, cinayət növləri üzrə rəqəmlərə baxdıqda böyük fərqlər üzə çıxır. Daha bir maraqlı məqam 2020-ci il ərzində 2019-cu illə müqayisədə ümumi cinayətlərin sayının azalmasına baxmayaraq, ağır cinayətlərin sayının artmasıdır. Bir il ərzində bu tip cinayətlərin sayı 3 min 192-dən 3 min 636-a yüksəlib. Başqa sözlə, 14 faiz artıb. Ölkədə ən çox qeydə alınan cinayət növü iqtisadi cinayətlər olub - bütün cinayətlərin 40 faizi.
Cədvəl: 2019-2020-ci illərdə Azərbaycanda cinayət növləri üzrə törədilən cinayətlərin sayı
Cinayət növləri | 2019 | 2020 |
İqtisadi sahədə cinayətlər | 11 min 567 | 10 min 338 |
İctimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər | 8 min 190 | 8 min 702 |
Şəxsiyyət əleyhinə olan cinayətlər | 5 min 290 | 5 min 655 |
Dövlət hakimiyyəti əleyhinə olan cinayətlər | 1 min 623 | 1 min 211 |
Digər cinayətlər | 2 | 98 |
Cəmi | 26 min 672 | 26 min 4 |
Azalan cinayətlər
Cədvəldən də göründüyü kimi, ötən il cinayətlər iki istiqamət üzrə azalıb – iqtisadi və dövlət hakimiyyəti əleyhinə olan cinayətlər. Ötən il iqtisadi cinayətlər törətmiş şəxslərin sayı 4 min 405 nəfər olub. 2019-cu ildə bu rəqəm 4 min 811 nəfər idi. İl ərzində iqtisadi cinayətlərdən ən çox soyğunçuluq və qaçaqmalçılıq azalıb.
Cədvəl: 2019-2020-ci illərdə iqtisadi cinayətlər törətmiş şəxslərin cinayət növləri üzrə sayı
İqtisadi sahədə cinayətlər | 2019 | 2020 |
Oğurluq | 2 min 467 | 2 min 496 |
Dələduzluq | 873 | 688 |
Soyğunçuluq | 225 | 223 |
Quldurluq | 119 | 138 |
Qaçaqmalçılıq | 383 | 156 |
İl ərzində dövlət əleyhinə cinayətlər 30 faizə yaxın azalıb. Azalmalar, əsasən, ədalət mühakiməsi əleyhinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət sərhədini qanunsuz keçməklə bağlı cinayətlərdir.
Cədvəl: 2019-2020-ci illərdə dövlət hakimiyyəti əleyhinə olan cinayətlər törətmiş şəxslərin cinayət növləri üzrə sayı
Dövlət hakimiyyəti əleyhinə olan cinayətlər | 2019 | 2020 |
Ədalət mühakiməsi əleyhinə olan cinayətlər | 503 | 372 |
Vəzifə səlahiyyətlərindən sui-istifadə | 136 | 57 |
Rüşvət alma (aktiv rüşvətxorluq) | 27 | 65 |
Rüşvət vermə (passiv rüşvətxorluq) | 27 | 29 |
Səhlənkarlıq | 36 | 38 |
Dövlət sərhədini qanunsuz keçmək | 156 | 77 |
Artan cinayətlər
Cinayət növləri üzrə 2020-ci il ərzində əsas artım ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərlə bağlıdır. Bu tip cinayətlərin sayı 2020-ci il ərzində 6 faizdən çox artıb. Artım olan əsas cinayət növləri narkotiklərlə bağlıdır. Xuliqanlıq edənlərin sayında isə, əksinə, azalma baş verib.
Cədvəl: 2019-2020-ci illərdə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər törətmiş şəxslərin cinayət növləri üzrə sayı
İctimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər | 2019 | 2020 |
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər | 3 min 464 | 4 min 233 |
Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma | 2 min 80 | 2 min 95 |
Xuliqanlıq | 826 | 671 |
Qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə | 168 | 168 |
Yanğın təhlükəsizliyi qaydalarını pozma | 12 | 4 |
Şəxsiyyət əleyhinə olan cinayətlərlə bağlı əsas diqqətçəkən məqam 2020-ci ildə adam oğurluğu cinayətlərinin 25-dən 67-yə yüksəlməsi ilə bağlıdır. Ötən il Azərbaycanda da məişət zorakılığı ilə bağlı qətl edilənlərin sayı artıb, məişət zorakılığı zəminində qəsdən öldürülən qadınların sayı 37-dən 41-ə yüksəlib.