31 Avqust 2021
Mətni dəyiş
Səbail Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin Prezident İlham Əliyevə qarşı iddiasının geri qaytarılması barədə qərar qəbul edib. Məhkəmənin hakimi Şahin Abdullayev bu qərarı əsaslandıraraq göstərib ki, Bəxtiyar Hacıyev prezidentin “Facebook” səhifəsində bloklanmasını İlham Əliyevin ifadə azadlığını pozması, ayrı-seçkilik kimi qiymətləndirilməsini istəyir. Digər tərəfdən də, iddia ərizəsində səhifənin başqa şəxslər – Prezident Administrasiyası tərəfindən idarə olunduğunu yazır. Belə olan halda isə prezident cavabdeh qismində tanına bilməz.
Bəxtiyar Hacıyevin iddia ərizəsində konkret “Prezident İlham Əliyev”, “Prezident Administrasiyası” kimi ifadələr yazılsa da, hakim qərardadda bu ifadələrin heç birindən istifadə etməyib.
“İddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi şəxsin iddia ərizəsində qeyd edilən tələblərə məhkəmədə cavab verməli olması ərizədən görünmür. Əksinə, iddiaçının iddia ərizəsində irəli sürdüyü dəlilə görə, cavabdehin “Facebook” səhifəsi digər şəxslər tərəfindən idarə olunur, onun şəxsi hesabı sayıla bilməz. Belə olduğu halda, iddia ərizəsinin hansı əsaslara görə iddia ərizəsində qeyd edilən cavabdehə qarşı verilməsi göstərilməmişdir”, - hakim Şahin Abdullayev qərardadda yazıb.
Bəxtiyar Hacıyev avqustun 30-da yenidən eyni məzmunlu iddia ərizəsilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Bu dəfə ərizəsində səhifənin Prezident Administrasiyası tərəfindən idarə olunmasını güman etdiyini yazmayıb: “Ərizədən həmin hissəni çıxardım. Əgər bu dəfə də geri qaytarsalar, növbəti dəfə həm Prezident Administrasiyasını, həm də prezidenti cavabdeh qismində qoyacam”.
Bəxtiyar Hacıyev əlavə edib ki, onun ərizəsində cavabdeh kimi İlham Əliyevin adı göstərilsə də, elektron məhkəmə portalında Prezident Administrasiyasını qeyd eləmişdilər: “İstəmirlər ki, prezidentin adı elektron məhkəmə portalına düşsün. Bu da məhkəmələrin nə qədər asılı vəziyyətdə olmasının göstəricisidir”.
İctimai fəal iddia edir ki, Prezidentin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində bloklanıb, hər hansı məsələ barədə fikir yazmasına qadağa qoyulub. Bununla da istər Azərbaycan Konstitusiyası, istərsə də ölkənin qoşulduğu İnsan Hüquqları və Əsas Azadlıqlara dair Avropa Konvensiyasıyla təminat verilən ifadə azadlığı, ayrı-seçkiliyə məruz qalmamaq hüququ pozulub: “Əsas arqument budur ki, prezidentin səhifəsi onun şəxsi profili deyil, dövlət hesabına saxlanan resursdur. Kontenti də dövlət hesabına formalaşıb. Prezidentin təminatı da dövlət hesabına həyata keçirilir, səhifədə özünün fəaliyyəti ilə bağlı məlumatlar paylaşır, insanlara bu fəaliyyəti bəyənmək, müzakirə etmək imkanı verir”, - Bəxtiyar Hacıyev bildirib.
Onun sözlərinə görə, siyasi baxışlarına görə kiminsə ölkə rəhbərinin səhifəsində blok edilməsi siyasi ayrı-seçkilikdir: “İfadə azadlığının məhdudlaşdırılması üçün qanuni, legitim və demokratik cəmiyyətlərdə zəruri olan əsaslar olmalıdır. Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsilə bağlı bir neçə qərarda bu əsasların olub-olmadığı test edilir. İşi daxili məhkəmələrdə həll edə bilməsək, Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) və 14-cü (ayrı-seçkiliyə məruz qalmamaq hüququ) maddələrinin pozuntusundan Avropa Məhkəməsinə şikayət göndərəcəyik”.
Prezident Administrasiyası bu məhkəmə iddiasına münasibət bildirməyib.