Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rafiq Bayramova son söz verilib.
Sonuncu özünü qismən təqsirli bildiyini deyib:
“İstintaq müddətində Mədəniyyət Nazirliyinin fəaliyyəti yoxlanılıb və aydın olub ki, mənim imza səlahiyyətim olmayıb. Son nəticədə görünüb ki, adımda heç bir yeyinti yoxdur. Mənimlə bağlı rüşvət aldığıma dair şikayət də yoxdur. Özümü qismən təqsirli sayıram. İşdə müəyyən diqqətsizlik və nöqsanlarım olub. Buna görə Prezidentdən üzr istəyirəm. Xahiş edirəm qərar verərkən, himayəmdə üç azyaşlı uşaq olduğunu və həyat yoldaşımın xərçəng xəstəsi olduğunu nəzərə alasınız”.
Daha sonra məhkəmə müşavirəyə yollanıb. Məhkəmə tərkibi müşavirədən qayıtdıqdan sonra hökm elan olunub.
Hökmə əsasən, Rafiq Bayramov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq dövründə Rafiq Bayramova məxsus həbs qoyulmuş əmlaklar dövlət hesabına müsadirə olunacaq.