İtaliyanın "Yuventus" klubunun 36 yaşlı portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İngiltərənin "Mançester Siti" komandasına transfer oluna bilər.
Bu barədə “L'Equipe” bildirib.
Qeyd edilir ki, K.Ronaldu və klub nümayəndələri "Mançester Siti"yə mümkün transfer üzərində işləyirlər. Avqustun 31-ə kimi hücumçunun transferi ilə bağlı müqavilə bağlanıla bilər. Mətbuatda yayılan xəbərlərə görə, Ronaldu bu transfer dövründə komandasını dəyişəcəyini gözlədiyi üçün klub rəhbərliyindən onu növbəti oyuna buraxmamasını istəyib.
Xatırladaq ki, Ronaldu 2018-ci ildən "Yuventus"da çıxış edir. Bu günə qədər 133 oyun keçirib və 101 qol vurub. 36 yaşlı portuqal hücumçu ötən mövsüm 29 qol vuraraq, İtaliya çempionatının ən yaxşı bombardiri olub. Ronaldunin İtaliya klubu ilə müqaviləsi 2022-ci ilin 30 iyununa qədər qüvvədədir.
Ümumilikdə portuqaliyalı bombardir karyerası ərzində 912 oyun keçirib və 730 qol vurmağı bacarıb.
Ronaldu İngiltərə Premyer Liqasında "Mançester Yunayted" və İspaniya La Liqasında "Real Madrid"in şərəfini qoruyub.