"Qarabağ" bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək.
Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağı olacaq. Larnaka şəhərindəki "AEK Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək.
"Köhlən atlar"ın heyətində müdafiəçilər - Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov Limassol təmsilçisinə qarşı oynamayacaq. Əvəzində yeni transferlər - Bəhlul Mustafazadə, Riçard Almeyda və Qaspar Panadero Zamora qarşıdakı oyuna sifariş edilib.
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv əvvəlki raundda İsrail "Aşdod"unu mübarizədən kənarlaşdırıb - 0:0, 1:0. AEL isə Albaniya "Vlajniya"sına hər iki qarşılaşmada eyni hesabla qalib gəlib - 1:0.
Qeyd edək ki, "Qarabağ" mərhələni keçsə, pley-offda "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
5 avqust
21:00. AEL (Kipr) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Qlenn Nyuberq, Mahbod Beygi, Andreas Söderkvist, Boyan Panciç
Larnaka. "AEK Arena".