Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilir.
Vüqar Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də hakim önünə çıxarılıb.
Təqsirləndirilən şəxslərdən yalnız Nadir Məmmədov və Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib.
Təhminə Yaqubova Vüqar Səfərlinin yanında baş mühasib kimi çalışıb.
Musavat.com Vüqar Səfərliyə qarşı irəli sürülmüş ittihamlar üzrə yeni təfərrüatları əldə edib. Belə ki, V.Səfərliyə qarşı irəli sürülən əsas ittiham jurnalistlər üçün tikilən binalarda yol verilən yeyintidir.
Binanın inşası üçün Fond ilə “Arxin-M LTD” MMC arasında müqavilə bağlanıb.
İstintaq belə qənaətə gəlib ki, Vüqar Səfərli ilə yaxın münasibəti olan MMC-nin Memarlıq şöbəsinin müdiri Telman Tahirov materialların dəyərini qəsdən şişirdib və işləri keyfiyyətsiz şəkildə görüb. Eyni zamanda istintaqa görə görülməyən işlərə görə də vəsaitlər mənimsənilib.
Həmçinin “Portos” MMC də jurnalistlər üçün nəzərdə tutulan binaların inşasında milyonların mənimsənilməsində əsas pay sahibidir.
İstintaq belə qənaətə gəlib ki, ikinci binanı inşa etmək üçün dövlət büdcəsindən 31 milyon 466 min manat ayrılıb. Bu məbləğin 22 milyon 274 min manatı binanın tikintisinə xərclənib. 9 milyondan artıq vəsait isə mənimsənilib.
“Portos” MMC-nin ayrı-ayrı vaxtlarda direktoru olmuş Nadir Məmmədov Ədalət Vəliyevlə birlikdə sənədləri saxtalaşdırılıb. Saxta sənədlər həmçinin Fondun tikintiyə texniki nəzarət üzrə mühəndisi Bünyamin İsmayılov tərəfindən imzalanıb.
2017-2019-cu ildə jurnalistlər üçün inşa edilməsi nəzərdə tutulan 3-cü bina üçün isə dövlət büdcəsindən 26 milyon 144 min manat vəsait ayrılıb. İstintaq orqanı müəyyən edib ki, həmin vəsaitin 18 milyon 409 min manatı tikintiyə xərclənib. 8 milyon manata yaxın vəsait isə yenə mənimsənilib.
Jurnalistlər üçün nəzərdə tutulan ikinci və üçüncü bina üzrə ümumi yeyinti 16 milyon 928 min manat olaraq müəyyən edilib.
Vüqar Səfərli iş məhkəməyə göndərilənə qədər dəymiş zərərin cəmi 200 min manatını ödəyib.
Digər təqsirləndirilən şəxslər də dəymiş zərərin müəyyən hissəsini ödəyiblər. Dəymiş zərərdən ən çox məbləğ ödəyən isə Ədalət Vəliyevdir. O, 1 milyon manat ödəyib.
Bu iş üzrə V.Səfərlinin bir çox əmlaklarına həbs qoyulub. Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus 550 min manat əmanətin üzərinə məhkənmə qərarı ilə həbs qoyulub.
Bundan başqa Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının da üzərinə həbs qoyulub.
- Xətai rayonu, Nobel prospektində yerləşən mağaza
- Əhmədli qəsəbəsində yerləşən torpaq sahəsi
-Xətai rayonu Lütfü Zadə küçəsində yerləşən mənzil
- İsmayıllı rayonu, Ticran kəndində yerləşən torpaq sahəsi və ev
- “Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota land Gruser” markalı avtomobillər.
Bunlardan başqa Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və yenə də oğlunun adına Xətai rayonunda olan obyektin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.