10 Avqust 2021
Mətni dəyiş
“Bu gün maşını Mingəçevir bazarının yaxınlığındakı ara küçələrdən (protokolda Puşkin küçəsi yazılıb) birində, şəxsi evin yanında saxlamışam. Polis dayanma qaydasını pozmağımı əsas gətirərək, məni İXM-nin 346.1 ilə cərimələyib. Halbuki ərazidə dayanmanı qadağan edən işarə yoxdur. 346.1 məhz nişan olan yerdə saxlamağa görədir".
Bunu jurnalist Aynur Elgünəş feysbuk hesabında yazıb. O bildirib ki, daha sonra ərazini təkrar gəzib videoya çəkərək DYP-yə şikayət edib.
“Məndən başqa ərazidə dayanan sürücülərdən cərimələnib-cərimələnmədiklərini soruşdum. Dedilər ki, sizin maşın Mingəçevir nömrəsi deyil, ona görə cərimələnmisiz. Polislə ünsiyyətdə olmamışam, cərimə mesaj şəklində gəlib. Əgər məhz nömrəyə görə cərimələnmişəmsə, bu, diskriminasiyadır. Ərazidə nişanın olmaması da deyilənlərə şübhə ilə yanaşmağıma səbəb olur. Cərimədən şikayət verdim, ümid edirəm araşdırılacaq”.
Məsələyə Baş Dövlət Yol Polisinin rəsmisi, polkovnik leytenantı Mübariz Ağayev münasibət bildirib.
Onun sözlərinə görə, sürücülər dayanma-durma və yaxud digər yol hərəkəti qaydaları ilə bağlı inzibati məsuliyyətə cəlb olunurlarsa, bu, yalnız qanun çərçivəsində ola bilər: “Bu gün mövcud qanunvericilikdə dövlət qeydiyyat nişanının hansı bölgəyə və regiona aid olmasından asılı olmayaraq, iddia edilən seqment yoxdur. Bunlar tamamilə absurd fikirlərdir. Hər kəs Azərbaycan Respublikasının vətəndaşıdır. Dövlət qeydiyyat nişanının istər beynəlxalq, istərsə də yerli olması yol hərəkəti qaydalarının pozulmasına dəlalət edən amil deyil.
Məsələnin özünə gəlincə isə, əgər belə bir fakt varsa, həmin sürücü barəsində tərtib edilmiş dayanma-durma qaydalarının pozulmasına görə barəsində çıxarılmış elektron qərardan şikayətçidirsə, onun 20 gün müddətində şikayət etmək hüququ var.
Sürücü ərazi üzrə yerindəcə şikayət verə bilər. Həmçinin dyp.gov.az saytı vasitəsilə şikayət xarakterli müraciət ünvanlaya bilər. Sözsüz ki, müraciətdən sonra ərazi üzrə yerə baxış keçiriləcək və orada nişanın olub-olmaması araşdırılacaq”.