Əfqan kinorejissor Talibanın nəzarəti altında olan ərazilərdən çıxdıqdan sonra baş verənləri "The Hollywood Reporter"-ə danışıb.
Əfqanıstanın milli kino mərkəzi olan "Əfqan film"-in rəhbəri Sahra Kərimi ölkəsinin Talibanın hücumlarına qarşı aciz qaldığı vaxtlarda dünyanın dörd bir yanındakı filmsevərlərə dəstək göstərmələri üçün çağırış etmişdi.
O, Slovakiya, Türkiyə və Ukrayna hökumətlərinin köməyi ilə çərşənbə axşamı gecə saatlarında ailəsi ilə birlikdə Kabildən qaçmağı bacarmışdı. Kərimi hazırda Kiyevdədir və tam təhlükəsiz şəraitdə yaşayır. Sağılıq durumu da yaxşıdır.
Sahra Kərimi Kiyevdən "WhatsApp" vasitəsilə "The Hollywood Reporter"-in suallarını cavablandırıb. Kərimi bildirib ki, Ukrayna prezidenti, Türkiyə səfirliyi və Slovakiya Film və Televiziya Akademiyası birlikdə onların ölkədən çıxmağına yardım ediblər. Rejissor onlara təşəkkür edib.
O, əlavə edib ki, olanları unutmağa çalışır.
Qaçışını "Instagramdan" paylaşmışdı.
Səhra Kərimi deyir ki, Talibanın hücumları başlatmasına dair xəbər yayılanda, o, bir bankda olub."Silah səsləri eşidilirdi. Bankın müdiri mənə Talibanın Kabilə çatdığını və şəhərə girməyə başladıqlarını dedi. Məni arxa qapıdan bir küçəyə çıxardı. Taksiyə minmək istədim, amma taksi yox idi. Bu səbəbdən qaçmağa başladım", - deyə Kərimi bildirib.
Onun sözlərinə görə, evinə çatdıqdan sonra o, Slovakiya Film və Televiziya Akademiyasına zəng edib.
"Slovakiya Film və Televiziya Akademiyasının rəhbəri Vanda Hrycovaya zəng edib vəziyyəti izah etdim. Mənə Ukraynaya bir uçuş nəzərdə tutulduğunu, Ukraynanın prezident administrasiyası ilə danışdıqlarını, mənə və ailəmə kömək edəcəklərini dedi. Hava limanına çatdıqda vəziyyət xaotik idi, buna görə də ilk uçuşu qaçırdıq. ABŞ ordusunun yanına getdik, ancaq bizə təyyarəyə minməyə icazə vermədilər. Qorxunc idi hər şey. Bizi geri çevirdilər", - deyə o, bildirib.
Kərimi deyir ki, onlar qardaşları, qardaşlarının oğulları və müdiri olduğu şirkətdən iki köməkçisi ilə birlikdə 12 nəfər olublar.
Qadınlardan qisas alacaqlar "Türkiyə səfirliyi bizi təyyarəyə mindirmək üçün Ukraynadan təsdiq aldıqlarını bildirdi. İndi də biz burada 36 əfqan kinorejissorun ailəsi ilə birlikdə ölkədən çıxarmaq üçün birlikdə çalışırıq", - deyə o, əlavə edib. Kərimi beynəlxalq film camiəsinə Əfqanıstandakı kinorejissorların və sənətçilərin vəziyyəti ilə bağlı səssiz qalmamaq, onların ölkədən çıxarılması üçün birlikdə çalışmaq barədə çağırış edib. O, artıq ölkədə nəzarəti ələ alan Talibanın yerli sənətçilərdən, xüsusən də qadın sənətçilərdən qisas alacağını düşünür. Taliban dəyişmədi, daş dövründə yaşayırlar "Taliban sənətə qarşıdır, filmə qarşıdır və qadına qarşıdır. Qadın rəhbərlərə qarşı necə amansız olduqlarını görə bilərsiniz. Əgər beynəlxalq aləm zamanında hərəkətə keçməsə, bu kinorejissorlar və sənətçilər üçün soyqırım deməkdir. İndi fırtına öncəsi səssizlikdir, amma Taliban dəyişmədi. İdeloji olaraq daş dövründə yaşayırlar", - deyə Səhra Kərimi bildirib. O, Talibanın sülh istədiyinə dair iddiaları rədd edib. Öldürmək üçün güllə atmaqları vacib deyil "Qadınların döyülməsi, qızların məktəblərdən çıxarılması ilə bağlı bir çox hekayə eşidirik. Səni fiziki olaraq öldürməsələr belə işləmənə, sənətlə məşğul olmana, özünü ifadə etmənə icazə vermirlər. Öldürmək sadəcə başına bir güllə vurmaqla olmur", - deyə o, əlavə edib. Kərimi "Əfqan film"-dən istefa vermədiyini və Talibana qarşı mübarizə aparacağını deyir. Dünyada uğurlu bir kinorejissor kimi qəbul edilən Kərimi Avropada da bu işi davam etdirəcəyini bildirib. "Amma ölkəmin və xalqımın hekayələrini canlandırmaq üçün ölkəmə qayıtmaq istəyirəm. Bilirəm ki, ölkəyə qayıtsam Taliban buna icazə verməyəcək. Amma yenə də bir yolunu tapmağa çalışacam.