26 Avqust 2021
Mətni dəyiş
İctimai fəal Bəxtiyar Hacıyev Prezident İlham Əliyevə qarşı məhkəmədə iddia qaldırıb. O iddia edir ki, Prezidentin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində bloklanıb, hər hansı məsələ barədə fikir yazmasına qadağa qoyulub. Bununla da istər Azərbaycan Konstitusiyası, istərsə də ölkənin qoşulduğu İnsan Hüquqları və Əsas Azadlıqlara dair Avropa Konvensiyasıyla təminat verilən ifadə azadlığı hüququ pozulub.
Bəxtiyar Hacıyevin iddiasına Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayev baxacaq.
“Heç bir xüsusi siyasi maraq yoxdur, sırf iki tərəf kimi hüquqi müstəvidə dartışacağıq. Əsas arqument budur ki, prezidentin səhifəsi onun şəxsi profili deyil, dövlət hesabına saxlanan resursdur. Kontenti də dövlət hesabına formalaşıb. Prezidentin təminatı da dövlət hesabına həyata keçirilir, səhifədə özünün fəaliyyəti ilə bağlı məlumatlar paylaşır, insanlara bu fəaliyyəti bəyənmək, müzakirə etmək imkanı verir”, - Bəxtiyar Hacıyev bildirib.
Onun sözlərinə görə, siyasi baxışlarına görə kiminsə ölkə rəhbərinin səhifəsində blok edilməsi siyasi ayrı-seçkilikdir:
“İfadə azadlığının məhdudlaşdırılması üçün qanuni, legitim və demokratik cəmiyyətlərdə zəruri olan əsaslar olmalıdır. Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsilə bağlı bir neçə qərarda bu əsasların olub-olmadığı test edilir. İşi daxili məhkəmələrdə həll edə bilməsək, Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) və 14-cü (ayrı-seçkiliyə məruz qalmamaq hüququ) maddələrinin pozuntusundan Avropa Məhkəməsinə şikayət göndərəcəyik”.
Prezident Administrasiyası hələlik bu məhkəmə iddiasına münasibət bildirməyib.