Siyasi Məhbusların Monitorinqi Mərkəzi 2021-ci ilin martından avqustuna qədər olan dövrdə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabat dərc edib.
Sənəddə siyasi azadlıqların pozulması, polisin vətəndaşların dinc etiraz aksiyalarını dağıtması, fəalların və dindarların təqib edilməsi faktlarının davam etdiyi bildirilir.
Xüsusilə 8 mart və 4 avqustda feministlərin, 8 iyulda heyvan haqları müdafiəçilərinin aksiyalarının sərt şəkildə dağıdılması göstərilir.
İfadə azadlığının pozulması faktları da sənəddə əksini tapıb.
Belə ki, Şəki Apellyasiya Məhkəməsi martın 3-də fəal və jurnalist Elçin Həsənzadəni və bloger İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay həbs cəzasına məhkum edib. Buna səbəb Mingəçevir Şəhər Mənzil İstismarı İdarəsinin rəisi Şəhriyar Mustafayevin şikayəti olub.
Monitorinq Mərkəzi əmindir ki, həbsin əsl səbəbi fəalların aşkarladığı yerli məmurların korrupsiya faktları və qanun pozuntularıdır.
Bundan başqa, jurnalist Cəmil Məmmədli Quba Rayon İcra Hakimiyyəti başçısını tənqid etdiyi üçün məhkəməyə verilib.
Hesabatda təhlükəsizlik qüvvələrində işgəncə faktlarından bəhs edilir. Belə ki, Qarabağ müharibəsi veteranı İlkin Həsənpur Daşkəsən rayon polisində döyüldüyündən şikayətlənib.
Digər bir Qarabağ müharibəsi veteranı Elvin Bədəlovun polis əməkdaşları tərəfindən döyülməsi videosu sosial şəbəkələrdə yayılıb.
Digər veteran Kənan Aşurov isə Ağstafa polisində döyülüb.
Hesabatda dindarlar və müxalifətçilərin cinayət təqibinə də işarə edilir. Belə ki, hesabat dövründə Müsəlman Birliyi Hərəkatının fəalları narkotiklə bağlı ittihamlarla həbs edilib: Vüqar Hacıyev və Razi Hümbətov, Müsavat üzvü Nizami Süleymanov.
Aşura günü – avqustun 19-da məscidlərdə dindarların fəaliyyəti qadağan edilib. Bu tədbirlərdə iştirak edən azı 5 nəfər 15-20 günlük həbs edilib.
Avqustun 16-da "istintaq və mühakimə prosessual məcəllənin açıq şəkildə pozulması ilə keçirilmiş" "Gəncə işi" üzrə məhkəmə başa çatıb.
“Bütün məhbuslara işgəncə verilib, vəkillərin etirazları rədd edilib. Əsas müttəhim Yunis Səfərov Gəncə şəhərinin icra hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev yerli sakinləri təhqir etdiyi üçün onun həyatına qəsd etdiyini bildirib. Qalan həbs olunanların günahı sübuta yetirilməyib. Lakin məhkəmə onları 18 ildən 20 ilə qədər həbs cəzasına məhkum edib. Səfərova ömürlük həbs cəzası verilib,” Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib.
Rəsmi qurumlar hesabata hələ münasibət bildirməyib. Bununla yanaşı, Daxili İşlər Nazirliyi, Penitensiar Xidmət insanlar saxlanılarkən, istintaq zamanı və həbs yerlərində qeyri-insani rəftarla bağlı xəbərləri bir qayda olaraq təkzib edir. İşgəncə ilə bağlı tənqidlər isə ümumiyyətlə qəbul edilmir. Bu kimi ittihamları rəsmi qurumlar böhtan və şantaj sayır.
Siyasi Məhbusların Monitorinqi Mərkəzi 2014 -cü ilin oktyabr ayında Elşən Həsənovun başçılıq etdiyi bir qrup keçmiş "vicdan məhbusu" tərəfindən yaradılıb.