Bakı İstintaq Təcridxanasında saxlanılan Binəqədi qəsəbəsi bələdiyyəsinin sədri Niyaz Niftiyev məhkəmə proseslərində qarşılaşdığı haqsızlığa etiraz olaraq aclıq aksiyasına başlayıb.
Bu barədə onun vəkili Ənnağı Məmmədli açıqlama verib. Məlumata görə, Niyaz Niftiyevin cinayət işi üzrə məhkəmə prosesi 16 aydır davam edir. Lakin məhkəmə prosesi hər dəfə bir bəhanə ilə təxirə salınır, lüzumsuz səbəblərlə uzadılır.
Bununla bağlı ictimai-siyasi sektor təmsilçilərinin çoxsaylı müraciətləri olsa da, aidiyyəti qurumlardan ciddi reaksiya verilməyib.
Sonuncu məhkəmə prosesi avqustun 9-da eyni formada təxirə salınaraq, avqustun 23-nə təyin edilib. Niyaz Niftiyev isə prosesin qəsdən uzadılmasına, məhkəmənin ədaləti qərar qəbil edə bilməməsinə etiraz olaraq avqustun 10-dan aclığa başlayıb.
N. Niftiyev saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.