Bakı Hərbi Məhkəməsində 20 il əvvəl qətl törətməkdə təqsirləndirilən Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov barəsində cinayət işinin baxılması davam edir.
Məlumatına görə, general günahını etiraf etmir, ittihamları rədd edir və məhkəməyə gəlməkdən imtina edir. Rövşən Əkbərov istintaq zamanı susmaq qərarına gəlib və təqsirləndirilən şəxs qismində ifadə verməyib.
Eyni zamanda cinayət işində general Əkbərovun günahını təsdiq edən sübutlar var. Belə sübutlardan biri də hadisənin əsas şahidi Məzahir Şıxəliyevlə öldürülən Elçin Əliyevin atası Faday Əliyev arasında baş verən söhbətin qeydə alınmasıdır. Məzahir Şıxəliyevin özü 2013-cü ildə onkolojı xəstəlikdən dünyasını dəyişib.
Əvvəlki ifadələrdən məlum olduğu kimi, 1 iyun 2001 -ci ildə Elçin Əliyev, Məzahir Şıxəliyev və Rövşən Əkbərov Azərbaycanın Kiyevdəki səfirliyində görüşüblər. Səfirlikdəki ziyafətə çoxlu qonaq toplaşıb.
Gecə yarısına yaxın Elçin Əliyev və Məzahir Şıxəliyev pivə içmək üçün "Sikora" kafesinə gediblər. Tezliklə oraya daha bir azərbaycanlı ilə birlikdə (bəzi şahidlər onun səfirliyin komendantı Qüdrət Əhmədov olduğunu deyib - red.) general Rövşən Əkbərov da gəlib.
Rövşən Əkbərovu görən Elçin Əliyev kafedə olan skripkaçıdan zabitlər haqqında bir neçə mahnı, o cümlədən Qazmanovun məşhur hiti - "Cənab zabitlər"i ifa etməsini istəyib. Tezliklə Rövşən Əkbərov, Elçin Əliyev və Məzahir Şıxəliyev bir masa arxasında oturublar.
Məzahir Şıxəliyevlə Elçin Əliyevin atası arasındakı söhbətdən stenoqramı təqdim edirik: “Rövşən soruşub ki, niyə ona səfirlikdə salam vermədik? "Biz səfirliyə çatanda sən samovar dəmləyirdin", - gülərək Elçin cavab verib. Bu sözlərdən sonra Rövşən Əkbərov əsəbi şəkildə soruşub: "Səncə, mən çayxanaçıyam?" Onu sakitləşdirməyə çalışdım. O isə məni təhqir etdi. Soruşdum ki, sən kimsən ki, məni susdurursan? Ayağa qalxıb və "indi ağzını bağlayacam" dedi.
İfadələr göstərir ki, mühafizəçilər sərxoş azərbaycanlılardan kafeni tərk etmələrini istəyiblər. Mübahisə küçədə davam edib və faciə ilə başa çatıb. Rövşən Əkbərov Məzahir Şıxəliyevin sifətinə yumruqla zərbə endirib və sonra Elçin Əliyevi bıçaqla vurub.
Bundan öncə cinayət işi üzrə istintaq zamanı şahid qismində dindirilən şəxslərdən biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov mərhum Elçin Əliyevi 1994-cü ildən tanıdığını, həmin vaxtlar özü də Kiyevdə sahibkarlıqla məşğul olduğunu göstərib. Bildirib ki, Elçin Əliyevlə münasibətləri yaxşı olub, ailəvi dostluq ediblər.
N.İbrahimov ifadəsində göstərib ki, 1997-ci ildə Ukraynaya səfir vəzifəsinə təyin ediləndən sonra E.Əliyev həm yaxın dostu, həm də azərbaycanlı kimi səfirliyin texniki təminatında iştirak edib, hətta özünə məxsus “Ford Mustang” markalı avtomobilini də müvəqqəti səfirliyin istifadəsinə verib. Səfirliyin təminatla bağlı olan problemləri qısa müddət ərzində həll olunduqdan sonra Elçinin avtomobili özünə geri qaytarılıb. Bununla yanaşı Kiyev şəhəri, Qluboçiskaya küçəsi 24 ünvanında yerləşən, N.İbrahimov və E.Əliyevin ofis kimi icarəyə götürdükləri ikimərtəbəli bina səfirlik tərəfindən rəsmi qaydada Ukrayna dövlətindən alınıb. 2000-ci ilin avqust ayında Milli Məclisə keçirilən seçkilərilə bağlı Bakıya qayıdıb və 1 iyun 2001-ci ilədək Kiyev şəhərinə getməyib.
N.İbrahimovun ifadəsinə görə, R.Əkbərovla şəxsi tanışlığı olmayıb, onu yalnız Azərbaycanın Milli Qəhrəmanı və Müdafiə Nazirliyinin generalı kimi qiyabi olaraq mətbuatdan tanıyıb.
Dostu E.Əliyevin öldürüldüyünü ona mərhumun biznes ortağı Səməd Novruzov zəng vurub deyib. Təyyarəyə bilet alıb birlikdə Kiyevə yola düşüblər, birbaşa morqa gediblər. Ekspert həkim onlara Elçinin ürəyindən bıçaqlandığını söyləyib:
“Oradan çıxıb milis idarəsinə getdik. Elçinlə əlaqəsi olan şəxsləri dindirirdilər. Səfirliyin komendantı Qüdrət Əhmədov Rövşən Əkbərovun mənimlə görüşmək istədiyini dedi. Mən də razılaşdım. Həmin vaxt “Dnepr” otelində qalırdım. Rövşən Əkbərov qaldığım otelin foyesinə gəldi”.
Şahidin ifadəsinə görə, dostunun general tərəfindən qətlə yetirildiyini R.Əkbərovun şəxsən özündən eşidib. Hətta tək özü deyil, onların yanında olan Q.Əhmədov da bu deyilənləri eşidib. İfadəsində R.Əkbərovla təklikdə görüşmədiyini, Q.Əhmədovun da onların yanında olduğunu bildirib. R.Əkbərov görüş zamanı N.İbrahimova hadisə baş verən gecə səfirlikdə keçirilmiş qonaqlıqdan sonra adını xatırlamadığı bir nəfərlə “Sikora” kafesinə getdiyini, Elçin Əliyevlə və Məzahir Şıxaliyevlə bir stolda oturduqlarını, aralarında hansısa kobud rəftara görə mübahisə yarandığını, Məzahiri yumruqla, Elçini isə bıçaqla vurduğunu danışıb.
General-leytenant Rövşən Əkbərov bu ilin martında həbs edilib. Onun həbsi barədə Baş Prokurorluq məlumat verib. Əkbərova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. General azərbaycanlı biznesmen Elçin Əliyevin qətlində ittiham olunur. Cinayət 1 iyun 2001-ci ildə Kiyevdə baş verib.