Feminist fəal Nərmin Şahmarzadənin Xəzər Rayon Polis İdarəsində gördüyü zorakılıqda bağlı müraciətinə cavab gəlib.
Bakı Şəhər Baş Polis İdarəsinin göndərdiyi cavabda bildirilir ki, Nərmin Şahmarzadə və digərlərinə qarşı hər hansı şiddətdən söhbət gedə bilməz.
Onlarla sadəcə profilaktik söhbət aparılıb və sonra hamısı sərbəxt buraxılıblar.
Nərmin Şahmarzadə aldığı cavabla razı deyil. Deyir ki, əlində idarədən çıxanda telefonların verilməsi mərhələsində jurnalistlə polisin dialoqunun səsyazısı var. Orada da şiddətin olduğu açıq-aşkar duyulur: “Hələ idarədən çıxdığımız an bizimlə nisbətən ən yaxşı davrandıqları zamanlar idi. Polis mayoru jurnalist Elnarə Qasımovaya deyir ki, redaksiyana zəng et, idarənin qarşısından çəkdiyi canlı yayımı silsin. De ki, hər şey qaydasındadır, hər şey yaxşıdır. Jurnalist cavabında bildirir ki, necə hər şey yaxşıdır? Məni vurmusunuz, dişim düşüb. Bu zaman polis mayoru Elnur İsmayılov ona bildirir ki, basaram gözün çıxar, yaz ki, yaxşıyıq. Ancaq bizə cavab verilir ki, hər hansı şiddət təsdiqlənməyib”.
Nərmin Şahmarzadə bildirir ki, o, həmin gün idarədən çıxandan sonra “102”-yə zəng edib, şikayətçi olub. Polis idarəsində döyüldüyünü, psixoloji şiddət gördüyünü bildirib: “Eyni zamanda, "əşyalarımızı qırıblar, yerə töküblər" dedim. Məndən detallı şəkildə necə, nə zaman olduğunu soruşdular. Hər şeyi xırdalığınadək cavablandırdım. Gülnarə Mehdiyeva da polisə ayrıca müraciət etmişdi. Eyni zamanda, vəkilimiz Zibeydə Sadıqova da bizim gördüyümüz münasibətlə bağlı polisə şikayət ünvanlamışdı. Gələn cavab Bakı Şəhər Baş Polis İdarəsindəndir. "102"yə zəng etməyimizlə bağlı nələrisə guya araşdırıblar, onunla bağlıdır. Biz eyni zamanda, hadisənin baş verdiyi rayonun ərazisindəki prokurorluğa, Xəzər Rayon Prokurorluğuna da müraciət etmişik. Hələ prokuorluqdan cavab gəlməyib, polisin cavabı da göz önündədir”.
Şahmarzadə qeyd edir ki, şikayəti ilə bağlı onu polis idarəsinə çağırıb, izahatını almayıblar. Onun izahatı olmadan qərar verilib ki, hər hansı şiddət olmayıb: “Biz hadisədən iki gün sonra polis idarəsində yazdığımız səs qeydini də ictimailəşdirdik. Həmin səs yazısında orada şiddət gördüyümüz açıq-aşkar eşidilirdi. Hələ ondan öncə bizi bölmədə döydülər. Sonra idarə rəisi gəldi, səs yazısını qoşdu. Biz orada şiddət gördüyümüzü deyəndə səs yazanı gizlədirdi. Bizə qapını sildirib, sonra buraxacaqdılar. Sonra məlum oldu ki, çəkiliş gedib, hamının bizim burada olduğumuzdan xəbəri var. O zaman tez-bazar bizi buraxmaq qərarına gəldilər. Bundan sonra hətta bizə daha yaxşı davranmağa başlamışdılar. Demək istəyirəm ki, araşdırma etməyiblər, məni çağırıb izahat almayıblar. Ancaq deyirlər ki, heç nə təsdiqini tapmayıb. Üstəlik, ortada polis mayorunun səs yazısı da var. Həmin səs yazıda şiddət açıq şəkildə eşidilir”.
Bir qrup feminist avqustun 4-də Bakı şəhər Xəzər rayon Polis İdarəsinin binası önündə aksiya keçirib.
Səbəb polisin avqustun 3-də əri tərəfindən başı kəsilərək öldürülən 23 yaşlı Sevinc Məhərrəmovanın şikayətini araşdırmaması, zorakılıq törədən Füzuli Qarayevi vaxtında həbs etməməsidir.
Feministlər polis idarəsinin önündə “Sevincin qatili dövlətdir!”, “Qadın qətlləri siyasidir” şüarları səsləndiriblər. Binasının giriş qapısına qan rəngi rəmzi olan qırmızı maye atıblar.
Polis aksiya iştirakçılarını və hadisəni lentə alan jurnalistləri saxlayıb. Həmin zaman jurnalist Ülviyyə Əli sosial mediadakı paylaşımında saxlanılanlara zorakılıq göstərildiyini qeyd edirdi. Daha sonra sərbəst buraxılan aksiya iştirakçıları və jurnalistlərin hamısı açıqlamalarında saxlandıqları zaman polisin onlara zor tətbiq etdiyini bildirmişdilər.
Daxili İşlər Nazirliyi (DİN) açıqlama verərək heç kimin saxlanılmadığını, zorakılıqla bağlı deyilənlərin yalan olduğunu söyləyib.
Avqustun 3-də Bakıda 23 yaşlı gənc qadın əri tərəfindən başı kəsilərək öldürülüb. Öldürülən Sevinc Məhərrəmovanın daha öncə döyülmə, işgəncə şikayətləri ilə dəfələrlə polisə müraciət etdiyi bildirilir. Ən son martda evindən çıxmış və ictimai fəalların dəstəyilə polisə, məhkəməyə üz tutmuşdu.
Sevinc Məhərrəmova daha öncə mediaya açıqlamasında polisin işi lazımi şəkildə araşdırmadığını, dəfələrlə etdiyi şikayətə baxmayaraq zorakılıq törədən şəxsin həbs edilmədiyini söyləyirdi.
Sevinc Məhərrəmovanın vəkili Zibeydə Sadıqova deyir ki, çox çətinliklə əzab vermə, döymə faktı ilə cinayət işi açdıra biliblər: “İş məhkəmədə idi, düzdür, Füzuli Qarayev hər dəfə bir bəhanə ilə gəlmirdi. Ancaq biz Sevincin uşaqlarını həftədə 2 dəfə görməsinə nail olmuşduq, özünə iş tapmışdı, çalışırdı. Hər şey qaydasına düşürdü. Bir də eşitdik ki, əri onu öldürüb”.
Gender aktivisti Gülnarə Mehdiyeva da Sevincə yardım edənlərdən biridir.
"Hüquq mühafizə orqanlarının fəaliyyətsizliyinin nəticəsidir ki, bu gün 23 yaşlı gənc qadın həyatda yoxdur”, - Gülnara Mehdiyeva belə deyir.
Onun sözlərinə görə, əri Sevinci uşaqları ilə manipulyasiya edib və onu evinə getməyə məcbur hala salıb: “Axırıncı dəfə Sevinc mənə mesaj yazıb üzr istəmişdi. Deyirdi ki, uşaqlarının ağlamağına artıq dözə bilmir. “Bağışla ki, evə qayıtmalı oldum”, - deyirdi. Əri Füzuli Qarayev 3 və 5 yaşlı uşaqlarını ondan gizlədir, yalnız şikayətini geri götürər və evə dönərsə onları görəcəyini bildirirdi. Bir sözlə, işin yaxşı araşdırılmamasının nəticəsi faciəvi oldu”.
DİN isə şikayətin araşdırılmasında bir qüsur olmadığını, Sevinc Məhərrəmova polisə müraciət etdiyi zaman lazım olan bütün prosedurların həyata keçirildiyi açıqlaması verib.
Gender aktivisti Gülnarə Mehdiyevanın sözlərinə görə, təkcə iyulda Azərbaycanda 9 qadın ya əri, ya da sevgilisi tərəfindən öldürülüb.