*****
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınan qurumların adları məlum olub.
İş üzrə Xarici İşlər və Maliyyə nazirlikləri zərərçəkmiş kimi çıxış edəcəklər.
Eldar Həsənovun cinayət işi icraata verilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.
Aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə, Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Məlumata görə, avqustun 16-da cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.