Deputatın oğlu Dövlət Agentliyinə 1 milyona anbar icarəyə verib

Deputatın oğlu Dövlət Agentliyinə 1 milyona anbar icarəyə verib
19 Avqust 2021
Mətni dəyiş

Deputat Cavanşir Feyziyev Buzovnada olan obyektini Dövlət Agentliyinə bir ili 1 milyon 176 min manata kirayə verib.

Bu barədə iqtisadçı Natıq Cəfərli paylaşım edib:

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildi fəaliyyətə başlayıb, pilot layihələr edib - bununla bağlı normal məlumatlar yaymayıb, fəaliyyəti ilə bağlı ciddi suallar var, əlçatan xidmət məsələsi axsayır, hələ bir nəfər tanımıram ki, Agentlikdən razılıq etsin.

İndi də məlum olur ki, Agentlik Buzovna qəsəbəsində 1 illiyə  ofis və anbar icarəyə götürüb - müqavilənin dəyəri 1 mln. 176 min manatdır. Agentlik obyekti ayı 98 min manata icarəyə götürüb, özü də Buzovnada.

Məsələnin maraqlı tərəfi odur ki, həmin obyektin sahibi gənc bir insandır - Orxan Feyziyev. Ola bilər ki, çox bacarıqlı, təhsilli gəncdir, amma bir məsələ var ki, Orxan bəy deputat Cavanşir Feyziyevin oğludur.

[caption id="attachment_79399" align="alignnone" width="1050"] Natiq Cəfərli[/caption]

Bu da Azərbaycan fenomenidir - bütün məmur, deputat, nazir uşaqları doğuşdan bacarıqlı biznesmen olurlar, həmişə tenderlər udurlar,  bu "sirri" İskoç Bilim Adamları da çözə bilməz...".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi iqtisadçı ekspert Natiq Cəfərlinin qurumun Buzovna qəsəbəsində 1 mln. 176 min manata 1 illiyə ofis və anbar icarəyə götürməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Açıqlamada deyilir ki, Agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki 230 tibb müəssisəsinin dərman, tibbi sərfiyyat, laboratoriya malları, avadanlıq və cihazlara olan ehtiyacı müəyyənləşdirilib:

"Həmin tibb müəssisələrini sözügedən vasitələrlə təmin etmək və onların düzgün şəraitdə saxlanılmasını təşkil etmək məqsədilə müvafiq məkanın seçilməsi zərurəti yarandığından Agentlik 07.07.2021-ci il tarixində etender.gov.az saytında “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” üzrə təkliflər sorğusu üsulu ilə satın alınmaya dair elan yerləşdirib.

"Dövlət satınalmaları haqqında" Qanuna əsasən tenderin həyata keçirilməsi məqsədi ilə tender komissiyası yaradılıb və tenderin aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkili təmin edilib.

Komissiya tərəfindən tenderdə təkliflər sorğusunun formal tələblərini tam təmin edən və ehtimal olunan qiymətdən aşağı qiymət təklifi verən fiziki şəxs Orxan Cavanşir "Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması" məqsədilə keçirilmiş təkliflər sorğusunun qalibi elan edilib.

"Məlumat üçün bildirək ki,  4,3 ha ərazidə yerləşən, ümumi sahəsi 12 553,3 kv. km olan ofis və anbar kompleksi dərman preparatlarının qəbulu, saxlanılması, daşınması üçün hər cür imkana malikdir".

İcbari tibbi sığorta ilə bağlı xəbərlər, Agentliyin illər üzrə fəaliyyətinə dair hesabatları, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər barədə aylar üzrə statistik göstəricilər barədə məlumatlar və s. qurumun saytında və sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq yerləşdirilir. Kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən daxil olan bütün sorğular cavablandırılır.

İcbari tibbi sığorta sistemi barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bu mövzuda xəbərlər mediada işıqlandırılır, Agentliyin əməkdaşlarının televiziya və radiolarda çıxışları təmin edilir, qurumun “Facebook” səhifəsində vətəndaşları icbari tibbi sığorta sistemi ilə bağlı maraqlandıran mövzularda canlı yayımlar təşkil edilir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun