Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriyadakı Xüsusi Nümayəndəliyi ölkənin cənubunda yerləşən Dəraa əyalətində artan toqquşmalar zamanı sivillərin qorunması haqda çağırış edib və qarşıdurmalar səbəbilə mülki şəxslərin qida çatışmazlığı ilə qarşı-qarşıya qaldıqlarını qeyd edib.
BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Gir Pedersen cümə axşamı günü Dəraa əyalətindəki Dəra əl-Bələd bölgəsində gərginliyin dərhal dayandırılması çağırışını yeniləyib və bütün tərəfləri mülki vətəndaşları qorumaq prinsipinə riayət etməyə səsləyib.
Gir Pedersen
Bölgədə “ağır bombardman və şiddətli atışmaların” olduğu qeyd edilən açıqlamada deyilir: “Minlərlə mülki vətəndaş Dəra əl-Bələddən qaçmaq məcburiyyətində qalıb. Vətəndaşlar ağır yanacaq, su və çörək çatışmazlığından əziyyət çəkirlər. Yaralıların müalicəsi üçün tibbi yardım kifayət qədər deyil”.
Cümə axşamı günü Beynəlxalq Suriyaya Dəstək Təşkilatının Humanitar İşçi Qrupunun virtual toplantısında Pedersen bütün zərər görmüş bölgələrə təcili, təhlükəsiz və maneəsiz humanitar girişin təmin edilməsinin vacibliyini və mühasirəyə bənzər vəziyyətə son qoyulmalı olduğunu vurğulayıb.
Dəraa əyalətinin Dəra əl-Bələd bölgəsində yaşayan sivil insanlar iyunun 25-dən bəri mühasirəyə bənzər şərtlərdə yaşayırlar.
Rəsmi Dəməşq Dəra əl-Bələddə yaşayan xalqdan və silahlı müxaliflərdən əllərindəki silah-sürsatı təslim etmələrini və nəzarət nöqtələrinin qurulmasına icazə vermələrini tələb etmişdi. Xalq və silahlı müxaliflər isə bu tələbi 2018-ci ilin iyulunda Rusiyanın vasitəçiliyilə Əsəd rejimi ilə sadəcə ağır və orta silahların təslim edilməsi haqda əldə edilən razılaşmaya zidd olması səbəbi ilə rədd etmişdi.
Bu şəxslər qalan bütün silahların sadə, şəxsi silahlar olduğunu iddia edir.
Dəraa əyaləti təxminən on il əvvəl Prezident Bəşər Əsədə qarşı üsyanın başladığı yerdir.