27 Avqust 2021
Mətni dəyiş
“Apple”-ın CEO-su Tim Kuk fəaliyyətinin 10 illiyini qeyd edir. Ötən 10 il ərzində şirkətin dünyanın ən bahalı kompaniyalarından birinə çevrilməsində böyük rolu olan Tim Kuk vəzifəyə təyin edilərkən Stiv Cobsla əldə etdiyi razılaşmanın bir hissəsi kimi fəaliyyətinin 10-cu ilində “Apple” səhmləri ilə mükafatlandırılıb.
Bununla da “Apple”-da 5 milyondan çox şirkət səhminin sahibi olan Tim Kuk bu hissələrini nağd pula çevirib.
Son 3 ildə “Apple” səhmlərinin 190%-dən çox dəyər qazanması nəticəsində Kuk da bonus haqqı qazanıb və onun 2011-ci il, avqustun 24-də təyin edildiyi CEO-luq vəzifəsindən bəri keçən 10 ildə “Apple” səhmlərinin dəyəri 1200% bahalaşıb.
iPhone, iPad, Mac və daha bir çox məhsulun sahibi olan “Apple”-ın gündəlik bazar dəyəri 2.5 trilyon dollar səviyyəsindədir və qlobal səviyyədə ən yüksək bazar dəyərinə sahib şirkət mövqeyindədir.
Tim Kuk bu həftə əldə etdiyi gəlirin 10 milyon dollarını adını açıqlamadığı dərnəyə ianə edib.
Bu günədək ciddi miqdarlarda ianələr edən Kuk xüsusilə AIDS, HIV, insan haqları, iqlim dəyişikliyi sahələrində aktivdir və 2015-ci ildə verdiyi bir açıqlamada ölmədən əvvəl bütün sərvətini də ianə edəcəyini deyib.
Bloomberg-in milyarderlər indeksinə görə, Tim Kukun şəxsi sərvəti 1.5 milyard dollar səviyyəsindədir. Dollar milyarderləri arasında sərvətini ianə edən adların önündə isə 2010-cu ildə başlatdıqları “Giving Pledge” layihəsi ilə Microsoft-un təsisçilərindən Bill Geyts ilə “Berkshire Hathaway”-in təsisçilərindən Uorren Baffet gəlir.