20 Avqust 2021
Mətni dəyiş
Avqustun19-da Bakı Apelyasiya Məhkəməsi hakim Vaqif Mursaqulovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov haqqında seçilmiş həbs qətimkan tədbiri barədə Xəzər Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib.
Vəkil Nemət Kərimov bildirib ki, məhkəmə iclasında Aqil Hümbətovun özü də iştirak edib.
“Aqil Hümbətov bildirdi ki, o, heç kimə xəsarət yetirməyib. Onun həbsi ölkə başçısı İlham Əliyevi sərt tənqid etməsi ilə bağlıdır. İstintaqa verdiyi ilk ifadə ondan təzyiq və işgəncə yolu ilə alınıb. O, həmin ifadədən imtina etdiyini qeyd etdi,” vəkil deyib.
Aqil Hümbətov avqustun 11-də Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.
Hümbətova qarşı Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb və barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.
AXCP fəalı bundan öncə 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.
AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb olduğunu bildirib.
Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.
Bundan sonra Hümbətov 2020-ci ilin aprelində və iyununda Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.