30 Avqust 2021
Mətni dəyiş
Azərbaycanlı satirik aktyor İdrak Mirzəliyev ruslarla bağlı zarafatına görə 10 sutka inzibati həbsdə qaldıqdan sonra Rusiyanın Daxili İşlər Nazirliyi tərəfindən ölkədə qalması arzuolunmaz elan edilib.
İdrak Mirzəlizadə ictimai çıxışında rus millətindən olan şəxslərə qarşı nifrət və düşmənçiliyi qızışdıran, insan ləyaqətini alçaldan ifadələr işlədib. Bu baxımdan, onun Rusiya Federasiyası ərazisində qalması ictimai asayişi, başqalarının hüquqlarını və qanuni maraqlarını təhdid edən kimi tanınıb.
"Rusiya Federasiyasından çıxma və Rusiya Federasiyasına giriş qaydası haqqında" qanunda Rusiyada qalması arzuolunmaz elan edilmiş bir əcnəbinin "Rusiya Federasiyasını tərk etməsi" nəzərdə tutulur.
Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, İdrak Mirzəlizadə əvvəllər Rusiyada yaşamaq icazəsi almış Belarus vətəndaşlığına malikdir.
İdrak Mirzəlizadə mart ayında "Razgony" verilişində etdiyi çıxışa görə millətlərarası nifrəti qızışdırmaq maddəsi ilə avqustda 10 gün həbs edilib. Çıxış zamanı aktyor slavyan görünüşə malik olmayan insanların mənzil kirayə götürərkən qarşılaşdıqları çətinliklərdən danışıb və ruslarla zarafat edib. Məhkəmədə aktyor ona qarşı irəli sürülən ittihamları qəbul etməyib, amma zarafatından inciyə biləcək hər kəsdən üzr istəyib.
Mirzəlizadə hesab edir ki, “Tsargrad” telekanalı və onun aparıcısı Vladimir Solovyovun onun zarafatını kontekstdən çıxarıb tənqid etməyə başlamasından sonra diqqət çəkib. Bundan sonra aktyor internetdə bir çox təhdidlərə məruz qalıb, ona Moskvada hücum edilib.
Bir çox rusiyalı aktyor Mirzəlizadəni dəstəkləyib. Ruslan Belıy, Danila Popereçnıy, Konstantin Puşkin və başqaları Mirzalizadəyə dəstək məqsədilə müraciət imzalayıblar. Həmçinin aktyorlar ona dəstək olaraq Moskvada konsert də təşkil ediblər.