60-dan çox ölkənin səlahiyyətliləri birgə bəyanat verərək Əfqanıstanı tərk etmək istəyən əcnəbilərin və əfqanların təhlükəsiz şəkildə ölkədən çıxmasını istəyiblər.
Müvafiq bəyanat ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib.
Müraciəti dəstəkləyən ölkələr arasında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Ukrayna, Gürcüstan və başqaları var.
“Təhlükəsizlik vəziyyətinin pisləşdiyini nəzərə alaraq, bütün tərəfləri ölkəni tərk etmək istəyən əcnəbi vətəndaşların və əfqanların təhlükəsiz və nizamlı şəkildə gedişinə hörmət etməyə və bunu asanlaşdırmağa çağırırıq”, - deyə qeyd edilir.
Bəyanatı imzalayan dövlətlər, həmçinin İslam respublikasındakı yolları, hava limanlarını və sərhəd keçidlərini bağlamamağı xahiş ediblər.
15 avqustda “Taliban” Əfqanıstanın bütün ərazisini nəzarətə götürdüyünü elan edib.
Bu arada, ABŞ hərbçiləri Kabildə yerləşən hava limanı ərazisinə daxil olmaq istəyən izdihama atəş açıb.
Bu barədə Pro TV televiziya kanalı məlumat yayıb.
Mənbə qeyd edir ki, hərbçilərin açdığı atəş nəticəsində bir neçə Əfqanıstan vətəndaşı həlak olub, yaralılar var. Lakin ölən və xəsarət alanların dəqiq sayı barədə məlumat verilmir.
Məlumatın doğruluğunu hadisə yerindən çəkilmiş kadrlar da təsdiq edir.
Daha əvvəl isə Kabil Beynəlxalq Hava Limanının rəhbərliyi vətəndaşlara müraciət edib.
Müraciətdə vətəndaşlara icazəsiz hava limanı ərazisinə daxil olmağın qəti qadağan edildiyi bildirilib.
[embed]https://twitter.com/sb_qureshii/status/1427132981626523648[/embed]
[embed]https://twitter.com/awvais/status/1427152687775330306[/embed]