Avqustun 31-də ABŞ hərbçilərinin Kabil hava limanını tərk etməsilə başa çatacaq 20 illik Əfqanıstan müharibəsinin insan itkiləri açıqlanıb.
“Associated Press” xəbər verir ki, savaşda bu günədək bütün tərəflərdən 172 mindən çox şəxs həyatını itirib.
Bunlardan 2448 nəfəri ABŞ hərbçiləri, 3846 nəfəri ABŞ üçün çalışan əfqan səlahiyyətliləridir.
Həmçinin, hərbi əməliyyatların gedişində 47 245 yerli mülki şəxs, 66 minə yaxın Əfqanıstan ordusu qüvvələri, 51 191 nəfər “Taliban” və digər qruplaşmaların üzvləri, 1 144 NATO əsgəri və 72 jurnalist həlak olub.
Əfqanıstan prezidenti Əşrəf Qəni və digər ölkə rəsmiləri avqustun 15-də ölkəni tərk edib, Taliban isə paytaxt Kabili tutub. Qərb ölkələri indi öz vətəndaşlarını bu ölkədən evakuasiya edirlər.
Hazırda paytaxt Kabil də daxil olmaqla demək olar ki, bütün ölkəyə Taliban hərəkatı nəzarət edir.